Azərbaycanda adambaşına düşən ÜDM 2004-2022-ci illər ərzində 2.9 dəfə artıb, ölkə dünyada yoxsulluğun 5 %-dən aşağı endirilməsinə nail olan 29 ölkə sırasında yer alıb.
Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.
“Buna uğurlu struktur-institusional islahatların həyata keçirilməsi, “2003–2005-ci və 2008–2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramları, regionların sosial-iqtisadi inkişafı istiqamətində 4 dövlət proqramı, Azərbaycan – 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyasının və digər proqramların icrası nəticəsində nail olunub.
Azərbaycan 2010-cu ildə “orta insan inkişafı” statusuna malik ölkələr qrupundan çıxaraq “yüksək insan inkişafı” kateqoriyasına daxil olub”, – S. Məmmədov qeyd edib.
Nazir müavini bildirib ki, inklüziv iqtisadi və sosial inkişafın mühim drayveri olan keyfiyyətli insan kapitalının formalaşdırılması düzgün müəyyənləşdirilən inkişaf siyasətindən asılıdır:
“Bu baxımdan əmək bazarı və təhsil sistemi iqtisadiyyatın priorotetləri ilə qarşılıqlı vəhdət təşkil etməlidir. Yalnız bu yolla dayanıqlı və inklüziv iqtisadi inkişafa, rəqabətli əmək bazarına və keyfiyyətli təhsil sisteminə nail olunması mümkündür”.
O, qeyd edib ki, uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və maddi rifahın yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir:
“Son onilliklər ərzində ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlb edilməsi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnmiş və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edilib”, – S. Məmmədov vurğulayıb.
Nazir müavini Azərbaycanda ötən müddət ərzində aparılan islahatlarda və əldə edilən uğurlarda BMT ilə həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edib:
“Azərbaycan BMT-nin üzvü olan dövlətlərin 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə “2030 Gündəliyi” təşəbbüsünə qoşulub. Bu qlobal təşəbbüslər üzrə götürdüyümüz öhdəliklərin həyata keçirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib.
Azərbaycanın “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə” qoşulduğu müddətdən ötən dövrdə ölkədə qəbul olunan 40-dan çox dövlət proqramı, strategiya və fəaliyyət planları DİM-ə inteqrasiya edilmiş və hazırda layihələrin uyğunlaşdırılması prosesi davam etdirilir.
Xüsusilə qeyd edim ki, Azərbaycan Prezidentinin 2021-ci il tarixli Sərəncamı ilə qarşıdakı onillikdə ölkənin sosial, iqtisadi və ətraf mühitin inkişafı istiqamətində uzunmüddətli təkamül yollarını hədəfləyən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair təsdiq edilmiş Milli Prioritetlərin icrası da DİM-ə öz müsbət töhvəsini verəcək
Artıq qeyd olunduğu kimi, ölkəmiz tərəfindən regionda ilk ölkə olaraq DİM-lərin icrası istiqamətində görülmüş işlərin yekunu kimi BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna üç Könüllü Milli Hesabatın (2017, 2019 və 2021-ci illərdə) təqdim olunması, Azərbaycan hökumətinin DİM-lərin həyata keçirilməsi üzrə öhdəliklərə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Hər 3 hesabatın hazırlanması istiqamətində BMT ilə səmərəli əməkdaşlığımız olmuş və bu sahədə təşkilat tərəfindən ekspert səviyyəsində dəstək göstərilib. Növbəti hesabatın isə 2024-cü ildə təqdim edilməsi planlaşdırılır və hesab edirəm ki, növbəti dövr ərzində də bu müsbət təcrübə davam etdiriləcək”.