“Bu gün vergiyə 1,6 mln. manat artıq ödəməm var. İki ildən artıqdır ki, pulum vergidə qalıb”. Bunu Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2014-2018-ci illər) icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda çıxış edən “ElPlastik Ltd.” şirkətinin prezidenti Gülağa Abışov deyib.
Sahibkarın sözlərinə görə, bu, ona ziyan verir: “Əvvəl 1,6 mln. manat 1 mln. dollar idi, indi isə bu. daha azdır. Mənim pulum vergidə qalıb, mən banka pul ödəyirəm”.
Vergilər naziri Fazil Məmmədov isə deyib ki, artıq ödənoilən vergilər 20 günə qaytarılıb: “Mən bilmirəm sizin artıq ödəməniz 2 il necə qalıb. Amma bu qaytarılma 45 gündən 20 günə endirilib. Bu gün müavinim İlkin Vəliyev sizi qəbul edəcək. Mən özüm də işdə olacam. Lazım olsa, mən də sizinlə görüşərəm”.
Nazir deyib ki, gələcəkdə artıq ödəmələr olmayacaq: “Prezidentin göstərişi ilə gələcəkdə artıq ödəmələr ləğv ediləcək”.