Azərbaycanda şirkətlərin tələblərini qarşılayacaq logistik xidmət yoxdur, olsa bundan istifadə edilər.
Bunu ölkənin aparıcı holdinqlərindən birinin təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
“Xarici şirkətlərlə bu istiqamətdə daim əlaqə saxlayırıq, fikir mübadiləsi aparırıq, təcrübələrini öyrənirik və tətbiq edirik. Lakin biz bu təcrübələri öyrənib tətbiq edənə qədər onlar bir az da irəliləyirlər. Nəticədə nə qədər geridə olduğumuzu görürük. Son 10 ildə müəyyən nəticələr əldə edilsə də, bu, kifayət etmir. Burada müəyyən ölçü mexanizmləri var. Məsələn, logistik məsrəflərin ümumi dövriyyənin neçə faizini təşkil etdiyini ölçmək olar”, – deyə o qeyd edib.