“A” şəxs vergi ödəyicisidir. Onun “B” adlı 5 000 manat bankda vəsaiti (aktivi) var. Vergi Məcəlləsinə baxaq.
Maddə 93. Ümidsiz borcların silinməsi
93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir:
93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda;
93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə.
93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
Maddə 111. Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması
111.1. Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
111.2. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
111.3. Banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları qanunvericiliyə müvafiq qaydada aktivlərin təsnifatından asılı olaraq maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğləri vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gəlirdən çıxmaq hüququna malikdirlər.
Diqqət çəkən məqam 111.1 maddəsidir.
Əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
Bu hissəni xırdalıyaq. “A” vergi ödəyicisi mal satır, iş görür və xidmət göstərir. Ola bilər bir tək mal satsın, fərq etmir. Bağlanan “B” banka gördüyü işlə bağlı gələn vəsait misal 2017 – ci ildə satdığı mal üçün bu 2020-ci ildə köçürülmüşdürsə və o özündə bunu ümumi gəlirə daxil etmişdirsə bu halda “batmış” pulu ümidsiz borc kimi 2020-ci ildə etmiş vəsaitdən çıxa bilər. Digər halla bağlı eyni məqama vergi orqanın mövqeyi baxımından baxaq.
Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri alına bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? Burada əsas məqam odur ki, bu vəsait vergi ödəyicisinin debitor borcu deyil, aktivdir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimi qəbul edib etməməsini qanunvericilik çərçivəsində izah etməyiniz xahiş olunur.
Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
İqtisadçı – ekspert Rauf Qarayev