“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşdırılması mühüm yer tutur. 2019-cu ildən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin 7 il müddətinə gəlir vergisindən azad edilməsi artıq mühüm fiskal nəticələr verir. Güzəştin tətbiqi nəticəsində bu ilin 7 ayının yekunları üzrə əmək müqavilələrinin sayında 109 minə qədər artım alınıb. Qeyri-dövlət sektorunda bu artım 84 minə qədərdir. Bütün bunlar işçi sayının şəffaflaşması nəticəsində mümkün olub.

Digər bir məqam qeyri-dövlət təşkilatlarında çalışan muzdlu işçilərin əməkhaqqı kartlarının sayının ilin əvvəli ilə müqayisədə 18 faizdən çox artmasıdır. Nəticədə bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun həcmi 22,8 faiz, o cümlədən cari ildə minimum əməkhaqqının artırılmasının təsirləri də çıxılmaqla 21,4 faiz artıb. Bu, ümumi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbətdə 2,5 faiz yüksəlməsinə səbəb olub. Bu dinamika sosial sığorta və işsizlikdən sığorta haqlarının yüksək templə artmasına imkan verəcək.

Son prosesləri və əldə edilən nəticələri şərh edən iqtisadçı ekspert Altay Cəfərov bildirib ki, ölkə iqtisadiyyatında şəffaflığın artırılması istiqamətində atılan addımlar, qəbul edilən qərarlar, normativ hüquqi aktlar aşağıdakı irəliləyişlərə gətirib çıxarıb: ümumi daxili məhsul artıb; vergi ödəyiciləri arasında elektron qaimə, elektron vergi hesab-fakturasının təqdim edilməsi prosesində dəfələrlə artım olub; idxal və ixrac dövriyyəsi xeyli yüksəlib; vergi ödəyicilərinə aid uçot, hesabatlılıq, dürüstləşmə, dəqiqləşmə məsələlərində irəliləyiş baş verib; vergi ödəyicisi-vergi orqanı münasibətlərində inam, etibarlılıq yaxşılığa doğru dəyişib.

Ekspert qeyd edib ki, şəffaflığa doğru atılan bütün bu addımların nəticəsi kimi yaranan dəyişikliklərin gələcək perspektivlərini də proqnozlaşdırmaq olar: “Vergi ödəyicilərində əmək haqlarının reallaşdırılması onların dövriyyələrinin artırılmasına böyük təsir göstərməklə, vergi ödənişlərinin artmasına gətirib çıxarıb və bu tendensiya davam edir.

Şəffaflıq vergi ödəyiciləri arasında qarşılıqlı əməliyyatlarda malların
giriş-çıxış sənədləşmələrinin formalaşdırılmasını təmin edir

Praktiki olaraq, son 6-7 ayda vergi ödəyiciləri tərəfindən könüllü formada vergi, sosial sığorta, işsizlikdən sığorta ödənişlərinin ödənilməsi artıq adi hala çevrilir. Yəni şəffaflığa doğru atılan bu addımlar vergi ödəyiciləri üçün təşviqedici faktora çevrilib və öz nəticələrini verir. Şəffaflıq vergi ödəyiciləri arasında qarşılıqlı əməliyyatlarda malların giriş-çıxış sənədləşmələrinin formalaşdırılmasını təmin edir. Təqdir etməyə dəyər ki, bu işlər kampaniya xarakteri daşımır, yüksək sürətlə davam edir. İndi ölkədə, demək olar ki, heç bir sahibkar riskli vergi ödəyicisi ilə çalışmaq istəmir və şəffaflığa doğru addımlar atıldıqca riskli vergi ödəyicilərinin dairəsinin daralması da qaçılmazdır”.