Sahibkarlığın İnkişafı Fondu biznes subyektlərinə 5 min manatdan 10 milyon manatadək məbləğdə güzəştli kredit verir. Kredit 10 ilədək müddətə, illik 5%-dək faiz dərəcəsi ilə verilir. Kredit üzrə güzəşt müddəti kredit müddətinin yarısınadəkdir. Güzəştli kreditlər müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı və.s.) vasitəsilə verilir. Güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlər hər il Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilir.
Güzəştli krediti əldə etmək üçün sahibkar müvəkkil kredit təşkilatına müraciət edir. Kredit təşkilatı qərarını 10 iş günü ərzində sahibkara bildirir. Kredit təşkilatı layihəyə müsbət rəy verdiyi halda, Fonda müraciət edir. Fond qərarını 10 iş günü ərzində kredit təşkilatına bildirir. Fond müsbət qərar qəbul edərsə, kredit təşkilatı sahibkarla sənədləşmə işlərini yekunlaşdıraraq sifariş göndərir. Fond mənfi qərar verərsə, kredit təşkilatı sahibkarı məlumatlandırmalıdır. Sifariş əsasında 3 iş günü ərzində kredit təşkilatının hesabına köçürülən vəsait kredit təşkilatı tərəfindən 5 iş günü ərzində sahibkara verilməlidir.
Biznes subyektləri Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərini əldə etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
– Sahibkarlıq subyektinə aid məlumatların Fonda ötürülməsinə dair sahibkarın razılığını təsdiq edən sənədin əsli;
– 200 min manatadək kreditlər üzrə sahibkarlıq subyektinin investisiya layihəsinə dair məlumat, 200 min manatdan böyük kreditlər üzrə biznes plan;
– “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş kredit hesabatı;
– VÖEN-in surəti;
– Şəxsiyyət vəsiqəsinin surəti;
– Sahibkarın fəaliyyət göstərəcəyi yerə və ya əmlaka dair sənədlərin surətləri.
Qeyd: Sənədlərin əsli ilə düz olması müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsi tərəfindən imza və möhürlə təsdiq edilir, notarial qaydada təsdiq tələb olunmur.