-1 C
Baku
Sunday, December 15, 2024

Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tətbiqi nəzərdə tutulub

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi koronavirus infeksiyasının (COVİD-19) iqtisadiyyata vurduğu ziyanın minimuma endirilməsi üçün təkliflər planını hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişdir. Bu planla bağlı Banker.az Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin rəyini almışdır.

Ziyad Səmədzadə: Azərbaycan hökuməti ölkədə makroiqtisadi sabitliyi qorumaq, pandemiya nəticəsində iqtisadiyyata dəyən ziyanın minimuma endirilməsi üçün ciddi sistemli tədbirlər həyata keçirir. Təbii ki, bu heç də asan deyildir. Çünki neftin qiymətinin 2 dəfədən artıq aşağı düşməsi, iqtisadiyyatın bir çox sahələrində fəaliyyətin dayandırılması, xarici iqtisadi əlaqələrin xeyli dərəcədə zəifləməsi ölkədəki iqtisadi ahəngdarlığa bu və ya digər dərəcədə təsir göstərib.

Martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bir daha vurğulamışdır ki, Azərbaycan dövlətinin ildən ilə artan imkanları, cəmiyyətdə yaranmış sağlam əhval-ruhiyyə ilə pandemiyaya qarşı ciddi mübarizənin aparılması istiqamətində konkret nəticələrin əldə olunacağını bildirmişdir. O həmçinin qeyd etmişdir ki, ölkədə makro iqtisadi sabitliyi qorumaq məqsədi ilə sosial iqtisadi proqramların həyata keçirilməsi üçün malik olduğumuz bütün imkanlardan istifadə edilməlidir. Bilirsiniz ki, cənab Prezidentin 19 mart 2020-ci il tarixli sərəncamı ilə ölkədə koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı konkret tədbirlər planının hazırlanması üçün ölkədə 4 işçi qrupu yaradılmışdır. Bu işçi qrupuna ölkənin iqtisadi strukturlarının başçıları rəhbərlik edir. O işçi qruplarından birinə də İqtisadiyyat naziri Mikayıl Cabbarov rəhbərlik edir. O, 31 mart tarixində cənab Prezindentin qəbulunda olarkən görülmüş işlər haqqında məlumat verərək bildirmişdir ki, Prezidentin tapşırığına əsasən konkret tədbirlər planı hazırlanaraq hökumətə təqdim edilib.

Qeyd olunan tədbirlər planı ilə məndə bir iqtisadçı kimi tanış olmuşam və bildirmək istərdim ki, tədbirlər planı kifayət qədər sistemli yanaşma, dərin təhlillər və araşdırmalar nəticəsində aparılmışdır. Əldə olunan nəticələr reallığı və Azərbaycanın gələcəkdə inkişaf imkanlarını genişləndirilməsinə yönələn tədbirlərdir. Görülən işlərin miqyası çox geniş və əhatəlidir. Tədbirlər planı 9 proqramdan ibarətdir. İlk növbədə, dəstək proqramının maliyyə tutumu barədə onu demək istərdim ki, dövlət tərəfindən ölkə iqtisadiyyatının aparıcı sahələrinə pandemiyadan əziyyət çəkən, zərər görən sahələrinə dəstəyinin həcmi 2.5 mlrd. manat təşkil edir və bu kifayət qədər böyük bir məbləğdir. Hesab edin ki, bu bizim dövlət büdcə gəlirlərinin 10% təşkil edir. Baş verən pandemiyaya dövlət büdcəsinin 10%-nin ayrılması dəymiş zərərin həcmindən, həmçinin bu zərəri qarşılamaq üçün Azərbaycan dövlətinin imkanlarından xəbər verir. Beynəlxalq Valyuta Fondu (BVF) koronavirusun geniş vüsət aldığı ölkələrə çox sərt şərtlərlə kreditlər təklif edir. Azərbaycan dövlətinin dəymiş zərərinin öz valyuta ehtiyatları, iqtisadi gücü hesabına qarşılamasını bizim son 15 ildə əldə etdiyimiz uğurların məntiqi nəticəsi hesab etmək olar.

Təklif olunmuş dövlət proqramının əsas bölmələrindən biri də təbii ki, şəffaf fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsidir. Ümumiyyətlə, son illər Azərbaycanda kölgə iqtisadiyyatına qarşı aparılan tədbirlərə xüsusi yer verilmiş, xeyli işlər görülmüşdür. Bu istiqamətdə xüsusilə sahibkarlarla muzdlu işçilər arasında olan münasibətlərə diqqət ayrılmış və bunun nəticəsi olaraq iki subyekt arasında bağlanan əmək müqavilələrinin sayı xeyli artmışdır. Dövlət proqramı çərçivəsində bu sahibkarlara işçilərinin əmək haqlarının bir hissəsinin ödənilməsində yardım ediləcəkdir. Bu da, öz növbəsində, qeyri-dövlət sektorunda çalışan işçilərin 45%, yəni, 300 mindən artıq insanı əhatə edəcəkdir. Bu hesablamalarda orta əmək haqqı əsas meyar olaraq götürülüb və onun 50% həcmində işləməyən, baş verən proseslər nəticəsində məcburi işlərindən qalmış insanların əmək haqlarında əlavə şəklində ödənilməsinə sərf ediləcəkdir.

Azərbaycanda pandemiyanın təsir etdiyi əsas 20 sahə vardır ki, onların bəzilərinə təsir 100% həcmində olmuşdur. Bu sahələrə turizm, iştimai iaişəni  aid etmək olar. Nazirlər Kabinetinin xüsusi qərarına əsasən, bu sahənin fəaliyyəti, demək olar ki, tam dayandırılmışdır. Amma bununla yanaşı, elə sahələr də vardır ki, onlara pandemiyanın təsiri 70% həcmində müəyyən edilmişdir. Bu sahələrdə çalışan 300 mindən artıq mikro və fərdi sahibkarlara da yardımların göstərilməsi nəzərədə tutulmuşdur. Ən vacib məqamlardan biri də odur ki, bizneslərə vergi güzəştlərinin edilməsi nəzərdə tutulub. Hazırda İqtisadiyyat nazirliyi, Sahibkarlar Konfederasiyası və digər qurumlar bu güzəştlərin miqdarını, istiqamətlərini dəqiqləşdirir və yaxın zamanda onların açıqlanması nəzərdə tutulub. Bildiyimiz kimi, Azərbaycanda biznes mühiti ildən ilə yaxşılaşmaqda idi və bizdən asılı olmayan səbəblərdən ötrü, yəni pandemiya səbəbindən bu mühitin pisləşməsinə görə dövlətin bizneslərə belə bir yardımın edilməsi çox ciddi addımdır və bunun hesabına biz biznes mühitimizi qoruyub saxlaya biləcəyik.

Heç şübhəsiz, vergi ödəyicilərinin banklarda olan biznes kredit ödənişlərinə də dəstək veriləcəkdir. Mən dəfələrlə qeyd etmişəm ki, ölkə iqtisadiyyatının gələcək inkişafını təmin edəcək ən başlıca amillərdən biri bank sektorunda sağlamlaşdırma işlərinin genişləndirilməsidir. Cənab prezident hər dəfə bildirir ki, real sektora bankların dəstəyi artmalıdır. Belə bir şəraitdə dövlət bir çox məsələləri öz üzərinə götürür. Dövlət başçısının hökumətə və Mərkəzi Banka tapşırığına əsasən, kreditlərin xeyli hissəsi real sektora ayrılmalıdır, bu sektora kreditlərin ayrılması prosesi təkmilləşməlidir, kredit faizləri aşağı düşməlidir. İqtisadiyyat nazirliyinin verdiyi təkliflərdə biznes kreditlərinin maksimal həddi 15% qədər müəyyən edilmişdir ki, bununda 7,5%-i gələcəkdə dövlət büdcəsi hesabına ödəniləcəkdir. Həmçinin onu da qeyd etməliyik ki, real sektora ayrılan kreditlərin 60% qədərinə dövlət tərəfindən dəstək veriləcəkdir. Təbii ki, bu dövlət üçün əlavə yükdür, lakin bu ağır dövrdə biz sahibkarların yanında olmalıyıq və sahibkarlar da yaradılmış bu imkandan səmərəli istifadə edə bilsinlər, ayrılmış kreditlərin geri qaytarılması istiqamətində öz səylərini əsirgəməsinlər. Odur ki, qeyd olunan məsələlərin İqtisadiyyat nazirliyinin hazırladığı təkliflər planında xüsusi yer alınması diqqətə layiqdir.

Vacib məsələlərdən biri də budur ki, karantin dövründə qaydalarına riayət edərək vətəndaşlar evdə qalmalıdırlar. Bütün televiziya, radio və digər media resurslar cənab Prezidentin tövsiyələrini əsas tutaraq, vətəndaşları evdə qalmağa çağırırlar. Çünki bu virus insan kontaktlarının artması ilə, həndəsi silsilə şəklində artımla müşahidə olunan yoluxmaya səbəb olur. İqtisadiyyat Nazirliyinin təkliflərində də bu məsələyə xüsusi önəm verilərək, vətəndaşların evdə qalması nəticəsində onların kommunal xərclərinin artması nəzərə alınmış, elektrik enerjisində hazırda olan limitlərin aradan qaldırılması məsələsi də daxil edilib.

Təkliflər planında məni bir ziyalı kimi, iqtisadçı kimi sevindirən məqamlardan biri də tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək proqramıdır. Azərbaycan Respublikasının Prezidenti çox humanist bir addım ataraq artıq bir neçə ildir ki, dövlət büdcəsinin hazırlanması prosesində hökumətə, Maliyyə Nazirliyinə tapşırıqlar verir ki, ödənişsiz oxuyan ali məktəb tələbələrinin sayı artırılsın. Eyni zamanda, bu proqramda da göstərilir ki, tələbələrin təhsil haqlarının ödənilməsinə diqqət artırılsın. Mən hesab edirəm ki, İqtisadiyyat Nazirliyinin bu təklifi təqdirə layiqdir.

Ümumiyyətlə, son dövrlərin prosesi onu göstərdi ki, iqtisadi strukturların idarə edilməsi orqanları məqsədlərinin, fəaliyyət sahələrinin və s. ayrı olması ilə yanaşı, həmçinin də ümumi məqsədləridə vardırki onlara çatmaq üçün müştərək iş çox vacibdir. Yaradılan 4 işçi qrupunun fəaliyyətidə bunun nə qədər məhsuldar olmasının göstəricisidir. Mikayıl Cabbarovun başçılıq etdiyi İqtisadiyyat Nazirliyi də cənab Prezidentin tapşırdığı məsələlərə sistemli, kompleks yanaşmışdır. Bu kompleks yanaşma nəticəsində, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi və gələcəkdə yanacaq iqtisadi mühitin daha da canlandırılması və bunun hesabına ölkənin dinamik inkişafının təmin olunması nəticəsində bizim imkanlar genişlənəcəkdir.  

Son xəbərlər
Digər xəbərlər