Azərbaycanda “Elektron Hökumət”in qurulması, rəqəmsal iqtisadiyyatın formalaşdırılması və inkişaf etdirilməsi üçün hər bir mərkəzi icra hakimiyyəti orqan, o cümlədən İqtisadiyyat Nazirliyi üzrə işlər həyata keçirilir. Bu işlər elektron sənəd dövriyyəsindən başlayaraq elektron xidmətlərin, elektron məlumat və mübadilə platformalarının yaradılmasına və fəaliyyətinin təmin edilməsinə, kibertəhlükəsizliyə qədər müxtəlif məsələləri həll edir”.
Bunu Bakıda keçirilən “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Onun sözlərinə görə, hazırda təkcə İqtisadiyyat Nazirliyi 94 xidmət göstərir ki, bunun da 68-i elektronlaşdırılıb: “Elektron xidmətlərdən 63-ü interaktiv, 5-i informativ xidmətlərdir. Həmçinin bu 68 xidmət Dövlət Xidmətlərinin Reyestrinə (www.dxr.az) daxil edilib. 2018-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə 44 mindən çox, 2019-cu ildə isə 46 mindən çox müraciət daxil olub”.
Nazir müavini “Lisenziyalar və icazələr” portalı haqqında da danışıb: “Portalın fəaliyyətə başladığı 1 mart 2018-ci il tarixindən indiyə qədər 1 500-dən çox elektron lisenziya verilib. O cümlədən, 2019-cu ildə “Lisenziyalar və icazələr” portalının fəaliyyətinin təkmilləşdirilməsi, informasiya sistemlərinin portala inteqrasiyası istiqamətində işlər davam etdirilib və sahibkarlara portal vasitəsi ilə 801 elektron lisenziya verilib”.
©Report