Bu gün Bakıda “Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov açıb.
O, bildirib ki, gənclərin intellektual və yaradıcı potensialının, biznes ideyalarının reallaşdırılması xüsusilə regionlarda yaşayan gənclərin iqtisadi sahədə fəallığının artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: “Gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi istiqamətində işlər aparılır”.
Nazir müavini Azərbaycanda sahibkarlıq fəaliyyəti barədə də danışıb. Onun sözlərinə görə, bu ilin əvvəlinə ölkədə dövlət qeydiyyatından keçmiş sahibkarlıq subyektlərinin sayı 970 mini ötüb.
Tədbirdə diqqətə çatdırılıb ki, yaxın vaxtlarda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara Xidmət Mərkəzi” və “Biznes İnkubasiya Mərkəzi” fəaliyyətə başlayacaq.
Daha sonra isə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin müavini Elçin İbrahimov çıxış edərək ölkədə sahibkarlığın inkişafı, xüsusilə də agentliyin fəaliyyəti barədə məlumat verib.
Konfransda gənc sahibkar və startapçıların təklifləri dinlənilib, yeni ideyaların reallaşdırılması istiqamətində müzakirələr aparılıb.