Sahibkarlığa Kömək Milli Fondunun nöqsanları üzə çıxdı

Hesablama Palatasının Kollegiya iclasında mövcud qanunvericiliyin tələbinə uyğun olaraq Sahibkarlığa Kömək Milli Fonduna ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticələri barədə Hesabat müvafiq qaydada müzakirə edilərək təsdiq olunub.

Banker.az bu barədə Palataya istinad edir.

Audit 2015-2017-ci illərdə Fondun fəaliyyətinin təşkili, vəsaitlərin formalaşması və istifadəsi, istifadə olunan vəsaitin həcmi və strukturu, vəsaitlərin investisiya layihələrində nəzərdə tutulmuş təyinata uyğun istifadəsi, maliyyə hesabatlarının dürüstlüyü və daxili nəzarətin qiymətləndirilməsi məsələlərini əhatə edib.

Auditlə əhatə olunan dövr ərzində sahibkarlıq subyektlərinə verilən güzəştli kreditlərin həcmi 583,9 milyon manat olmuşdur ki, bu da Fond tərəfindən indiyədək verilən güzəştli kreditlərin 27,9%-ni təşkil edir. Bu kreditlərin 170,0 milyon manatı və ya 29,1%-i dövlət büdcəsinin vəsaitləri, 413,9 milyon manatı və ya 70,9%-i isə qaytarılmış kredit vəsaitləri və alınmış faiz gəlirləri hesabına verilmişdir.

Verilmiş güzəştli kreditlərin 98,5 milyon manatı və ya 16,9%-i kiçik, 23,9 milyon manatı və ya 4,1%-i orta, 461,5 milyon manatı və ya 79,0%-i isə böyük həcmli kreditlərdən ibarət olmuşdur.

01.01.2018-ci il tarixinə müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinə verilmiş aktiv kreditlərin qalığı 1053,3 milyon manat təşkil etmişdir ki, bunun da 95,6 milyon manatı və ya 9,1%-i vaxtı keçmiş əsas kredit borclarından ibarət olmuşdur. Həmçinin vaxtı keçmiş kredit borclarına görə 4,0 milyon manat məbləğində faiz borcu və 29,4 milyon manat məbləğində cərimə hesablanmışdır.

Vaxtı keçmiş kredit borclarının 75,5%-i bank lisenziyası ləğv edilmiş müvəkkil kredit təşkilatlarının, 24,5%-i isə fəaliyyətdə olan müvəkkil kredit təşkilatlarının payına düşür.

Fond tərəfindən maliyyələşdirilən bəzi investisiya layihələrinin kənd təsərrüfatı torpaqları kateqoriyasına aid əkin sahələrində əsaslı tikinti işlərinin aparılması Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələbləri pozularaq həmin torpaqların təyinatının dəyişdirilməsi ilə yanaşı, faktiki olaraq istifadəsi əkin məqsədləri üçün nəzərdə tutulmuş torpaqların dövriyyədən çıxarılmasına gətirib çıxarmışdır.

Güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin Fond tərəfindən monitorinqlə əhatəliliyi lazımi səviyyədə təşkil olunmayaraq 2015-ci ildə aktiv layihələr üzrə sahibkarlıq subyektlərinin 11,63%-i, 2016-cı ildə 2,55%-i, 2017-ci ildə isə 7,93%-i monitorinqlərlə əhatə edilmişdir.

Fond tərəfindən maliyyələşdirilən investisiya layihələrinin ekspertizası həyata keçirilsə də ekspertizanın keçirilməsi qaydaları hazırlanmamış, layihələrin yerində ilkin və cari monitorinqlərinin aparılması qaydalarının layihə risklərinin minimuma endirilməsi üçün təkmilləşdirilməsinə zərurət yaranmış, investisiya layihələrində əsasən tikinti- quraşdırma işləri və texnoloji avadanlıqların alınması nəzərdə tutulsa da biznes planların ixtisaslaşmış ekspertizasının aparılması üçün Fondun yetərli kadr potensialının olmaması və kənardan peşəkar mütəxəssislərin cəlb edilməməsi ekspertizaların təkmil və əhatəli aparılması, eləcə də investisiya layihələrinin bu sahəni tənzimləyən normativ sənədlərin tələblərinə uyğun hazırlanması və təqdim edilməsində risklər yaratmış, habelə layihələrin dəyərinin bazar qiymətlərinə uyğunlaşdırılması tam nəzarətdə saxlanılmamışdır.

Bəzi hüquqi və fiziki şəxslərin Fonddan müvəkkil kredit təşkilatları vasitəsilə iqtisadiyyatın müəyyən olunmuş prioritet sahələrinin inkişafı üçün güzəştli kredit almalarına baxmayaraq, onlar tərəfindən vergi bəyannamələrində (əlavələrdə) alınmış kredit vəsaitlərinin məbləğinin göstərilməməsi və ya düzgün göstərilməməsi, həmçinin gəlir əldə etmədiklərinin və ya fəaliyyətlərinin dayandırıldığının bəyan edilməsi, biznes planda nəzərdə tutulan yeni iş yerlərinin yaradılması faktlarının bəyannamədə öz əksini tapmaması, dövlətdən alınmış güzəştli kredit vəsaitlərinin təyinatı üzrə istifadə olunmadığı, kredit vəsaitlərinin prioritet sahələrin inkişafına yönəldilməyərək səmərəsiz xərcləndiyi, vergi hesabatlarının təhrif olunması yolu ilə vergilərin dövlət büdcəsindən yayındırıldığı və vergi intizamının pozulduğu ehtimalını göstərir.

Müvəkkil kredit təşkilatları ilə Fond arasında bağlanmış müqavilədə nəzərdə tutulan şərtin müvəkkil kredit təşkilatları tərəfindən dəfələrlə pozulmasına baxmayaraq kredit təşkilatlarının “müvəkkillik” statusuna xitam verilməmişdir.

Fondun vəsaitləri hesabına orta və böyük həcmli kreditlərlə maliyyələşdirilən və 485,4 milyon manat məbləğində vəsaiti əhatə edən 239 investisiya layihəsindən 247,8 milyon manatı və ya 51,1%-i əhatə edən 105 layihə (43,9%), kiçik həcmli kreditlərlə maliyyələşdirilən və 98,5 milyon manat məbləğində vəsaiti əhatə edən 9434 layihədən 1,2 milyon manatı və ya 1,2%-i əhatə edən 78 layihə (0,8%), ümumilikdə isə 249,0 milyon manatı əhatə edən 183 layihə auditlə əhatə olunmuşdur.

Hesablama Palatasının Kollegiyası auditin nəticələrini müzakirə edərək Qərar qəbul etmiş, Sahibkarlığa Kömək Milli Fondunda yol verilmiş nöqsanların aradan qaldırılması, o cümlədən kredit portfelinin dayanıqlığının təmin edilməsi, vəsaitlərin müqavilə şərtlərinə uyğun vaxtında geri qaytarılması risklərinin minimuma endirilməsi və ondan qanunvericiliyə uyğun səmərəli və məqsədyönlü istifadə edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi, güzəştli kredit vəsaitlərinin biznes-planda nəzərdə tutulan tədbirlər üzrə xərclənməsi və qeyri-təyinat hallarının vaxtında müəyyən edilərək qanunvericilikdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə mövcud olan monitorinq qaydalarının nəticəlilik baxımından tərkib riskləri nəzərə alınmaqla əsaslı istiqamətdə təkmilləşdirilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə Qərarın surəti müvafiq qaydada icra edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərilmişdir.

Auditin nəticəsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumat təqdim edilmişdir.