Banker.azın məlumata görə,Bizimyol qəzeti deputat Vahid Əhmədovdan müsahibə almışdır. Müsahibədi sahibkarlıq, banklar , kredit və digər vacib nüanslara toxunulmuş, deputatın rəyi alınmışdır.
– Ölkədə banklarla bağlı problem dərinləşir. Bu günlərdə daha 7 bankın bağlanacağı xəbəri yayıldı. Bank sektorunda nə baş verir və bu proses nələrə rəvac verəcək?
– Yuxarıda qeyd etdiyimiz islahatların davamı olması üçün, bank sektorunda da islahatlar getməlidir. Bizi ən çox narahat edən məsələ bank sektorunda olan problemlərdir. Bu yaxınlarda gördük ki, “TexnikaBank” nə vəziyyətə düşmüşdü. Yaxşı oldu ki, Etibar müəllimi yenidən qaytardılar “TexnikaBank”a (Bir neçə il əvvəl həbs edilmiş, sonradan azadlığa buraxılmış və bir müddət öncə yenidən öz vəzifəsinə təyin olunan “TexnikaBank”ın Müşahidə Şurasının sədri Etibar Əliyevi nəzərdə tutur – R.V). Onu şəxsən tanıyıram, peşəkar bank işçisidir və “TexnikaBank”ı çox gözəl qurub yaratmışdı. Onun qabiliyyətinə bələdəm və inanıram ki, bu bankda çox böyük dirçəlmə gedəcək. Yəni belə insanlara şərait yaratmalıyıq. Əgər bank sistemində islahatlar gedərsə, kredit faizləri aşağı salınarsa, insanlar əmanətlərini daha çox manatla banka qoyarlarsa, bankların dövriyyə vəsaitləri artarsa və bütün problemlər öz həllini taparsa, əlbəttə ki, Azərbaycanda sahibkarlıq inkişaf edəcək. Yəni sahibkarlığın inkişafı üçün mütləq bank sistemində köklü islahatlar getməlidir. Düzdür, son vaxtlar bəzi islahatlar gedir, amma o qədər kiçikdir ki, buna islahat da demək çətindir. Mütləq kredit faizləri aşağı salınmalıdır, insanlar banka, bank insanlara etibar etməlidir, istər hüquqi, istərsə də fiziki şəxslər harda işləməsindən və kimliyindən asılı olmayaraq, götürdükləri kreditləri vaxtında qaytarmalıdırlar. Yəni qanunlar fəaliyyət göstərməlidir. Bir şey də xoşuma gəldi ki, cənab Prezident Şəki-Zaqataqa bölgəsində olarkən, çıxışı zamanı məhkəmə sisteminə də toxundu. Məhkəmə sistemində də ciddi islahatlara ehtiyac var. Məhkəmə kiminsə, hansısa nazirliyin xeyrinə deyil, qanuna əsaslanaraq düzgün qərarlar çıxarmalıdır. Yəni qəbul etdiyimiz qanunlar işləyəcəksə, Azərbaycanda heç bir problem olan deyil. Həmçinin atılan addımların davamlılığı təmin olunacaqsa, icrası mexanizmləri işə düşəcəksə, Azərbaycanda nə iqtisadi, nə də siyasi cəhətdən problem qalmayacaq.
– İqtisadi islahatlar çərçivəsində atılan addımlardan biri də lisenziyaların ASAN Xidmətə verilməsidir. Bu, nə kimi müsbət dəyişikliklərə səbəb olacaq?
– Bilirsiniz, ümumiyyətlə lisenziyaların verilməsində rüşvət və korrupsiya halları var idi. Bu heç kimə sirr deyildi. İstənilən nazirlik lisenziya verəndə müəyyən məbləğdə rüşvət tələb edirdi. Bunun ASAN Xidmətə verilməsi çox əhəmiyyətlidir. Yəni gedib sənədlərini verirsən, yoxlayırlar və problem yoxdursa, sənədləri alırsan. ASAN mərkəzləri artıq oturuşmuş bir xidmətdir və daha da genişləndirilməlidir. Hesab edirəm ki, hətta bir sıra təşkilatlar var ki, onların da müəyyən səlahiyyətləri ASAN Xidmətə verilməlidir. Bu proses yavaş-yavaş getməlidir. Ümumiyyətlə fəaliyyətə başladığı dövrdən ASAN Xidmətin çox müsbət nəticələrini görmüşük. İnsanlar incidilmir, rüşvət, korrupsiya halları yoxdur. Ona görə də bu xidmətə diqqəti artırmaq lazımdır.