12 C
Baku
Saturday, November 23, 2024

Sahibkarlıq barədə əfsanələr

Sahibkarlıq fəaliyyəti ölkəmizdə romantikləşdirilmiş fəaliyyət növlərindəndir. Cəmiyyət sahibkarları zəngin, pulu çox, villalarda yaşayan, daim bahalı avtomobillərdə, beşulduzlu hotellərdə kef edən, bir dəfə iş qurduqdan sonra yeganə işi pul saymaq və gəzəcəyi ölkələri seçmək olduğunu düşünür.

Bu yazımı yazmağımın məqsədi sahibkarlıqla məşğul olan insanların əsl vəziyyətlərini göstərmək məqsədilə projektor və rəngli işıqlarla dolu səhnənin arxasını insanlara göstərməkdir.

MİSAL. Bir sahibkar təsəvvür edin – geyim mağazası var, mərkəzdə yerləşir və aylıq 20 min AZN satışı var.

Hər kəs – ətrafında olan insanlar da, əməkdaşları da, ailəsi belə onun gəliri olan 20 min manatı görür və bunun mənfəət olduğunu düşünür.

Gəlin, pərdəni qaldıraq və səhnə arxasına baxaq.

20 min AZN gəlir o deməkdir ki, ən az 10 min maya dəyəridir. Yəni satılan malların maliyyətidir.

3 min AZN mağaza və anbar kirayəsi

3 min AZN maaşlar (mağaza rəhbəri, satıcı, xadimə, anbar)

Kommunal, internet, telefon, vergilər, mühafizə xidməti, reklam və s – 3.000 AZN

Nə qədər qaldı? 1000 AZN. Əgər qalsa. Əlavə, gözlənilməyən xərclər olmasa.
Amma gəlin, pərdəni bir az daha qaldıraq.

20 min AZN satış etmək üçün anbarda heç olmasa 40 min AZN-lik mal olmaldır. Bu, ölü puldur.

Bir az daha dərinə gedək, səhnə arxasına.

Ayda heç olmasa bir dəfə Türkiyəyə, Çinə, Dubaya uçmalıdır? Alın sizə ən az 1000 AZN daha. Bu hansı 1000 manatdır? Bəli, özünə qalan 1000 manat.

Elə bilirsiniz ki, xaricə gedəndə sahibkar beşulduzlu hoteldə qalır? Yox. Ən yaxşı halda ucuz dördulduzluda qalır – adətən, üçulduzluda – xərcləri çoxdur deyə.

Xaricdə nə edir? Gəzir, yeyib içir, muzeyləri, tarixi yerləri gəzir? Yenə də yox. Ayağındakı ayaqqabı cırılana qədər, ayaqları şişənə qədər gəzir, mal seçir, fabriklərlə görüşür.

Xaricdə rahatdır adam? Yenə də yox. Mağazadan zəng gəlir – sahə müfəttişi gəlib, müdiri soruşur və kobud danışdı. Al sənə stres.

Malı gətirəndə Bakıya gömrükdə stres yaşayır? Bəli. Hər qəpik üçün vuruşmalıdır. HƏR QƏPİK.

Bura əlavə edin böhranları, bazarda çalxantıları, böyük rəqiblərin oyunlarını.

İş bir dəfə quruldu – sonra yat, pulları say. Uzun illərin idarəçisi kimi tam məsuliyyətlə sizlərə deyirəm – iş bir dəfə qurulmur. Hər gün qurulur. Hər həftə. Hər ay. Və bu proses bitmir.

25 Aprel 2017-ci ildə Sahibkarlar günü kimi təyin ediləndə mən “ASAN Radio”ya müsahibəyə dəvət edildim və orada sahibkarlarla əlaqəli bir neçə ana məqamı qeyd etdim:

– Sahibkarlıq, olduqca mürəkkəb və məsuliyyətli fəaliyyətdir;

– Azərbaycanın gələcəyi ancaq iki meyara bağlıdır: təhsilin və sahibkarlığın inkişafına;

– Azərbaycanda sahibkarlıqla məşğul olmaq qəhrəmanlıqdır.

Sahibkarlarımıza dövlət və xalq olaraq sahib çıxmalıyıq!

Sahibkarlıq barədə məqalələrim davam edəcək.

©Oxu.az

Son xəbərlər
Digər xəbərlər