Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağın minimum yaş həddi nə qədərdir?

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir.

18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarını vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər.

İzah: Şəxsin 17 yaşı var və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. 16 yaşı tamam olduğuna görə o sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 17 yaşlı şəxsin sahibkarlıqla məşğul olmağı üçün icazə lazımdır. Birinci növbədə “Fiziki şəxsin uçotu haqqında Ərizə” ilə birgə şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Bundan əlavə mütləq şəkildə valideynləri varsa (ana, ata), hər iki valideynin razılığı, yoxdursa onu övladlığa götürənlərin (burada cəm halında qeyd olunub, yəni bir ailə onu övladlığa götürə bilər, belə halda hər iki şəxsin razılığı olmalıdır) razılığı, himayəyə götürənin  razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarını vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Burdan aydın olur ki, minimum hədd hazırda qanunvericiliyə əsasən 16 yaşdan yuxarıdır.

Misal: Onur adlı fiziki şəxs 12.09.2004-ci ildə anadan olub. 2020-ci ilin sentyabr ayının 12-də 16 yaşı tamam olur. Belə halda artıq 13 sentyabr tarixindən o sahibkarlıq fəaliyyəti üçün yuxarıdakı qeydlərə əsasən  vergi orqanına müraciət edə bilər.

 

18 yaşına şatmış şəxs sərbəst şəkildə sahibkarlıq

fəaliyyəti üçün vergi orqanına müraciət edə bilər

Misal: Uğur adlı fiziki şəxs 12.09.2002-ci il tarixdə anadan olub.  2020-ci ilin sentyabr ayının 12-də 18 yaşı tamam olur. Belə halda artıq 13 sentyabr tarixindən o sahibkarlıq fəaliyyəti üçün sərbəst şəkildə “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilər. Burada hər hənsı icazənin alınması yəni yuxarıdakı qeydlərə ehtiyac yoxdur.

Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Qeyd olunanların əsası: “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 3 may tarixli 1917050000006200 nömrəli Qərarı. Vergi Məcəlləsinin 33 və 34-cü maddələri.

İqtisadçı-ekspert Rauf Qarayev.