28 C
Baku
Sunday, July 21, 2024

Sahibkarlıq sahəsində yoxlayıcıların hüquqları və vəzifələri müəyyənləşir

Sahibkarlıq sahəsində yoxlama aparan yoxlayıcıların hüquqları və vəzifələri müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni – 1-1-ci fəsildə əksini tapıb.

Layihəyə əsasən, yoxlama zamanı yoxlayıcının aşağıdakı hüquqları var:

– yoxlama obyektinin yerləşdiyi yerə maneəsiz daxil olmaq;

– yoxlama sualları ilə bağlı məlumatların, sertifikat, lisenziya, icazə və sahibkarlıq fəaliyyəti ilə bağlı digər hüquqmüəyyənedici sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsini sahibkarın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) və ya sahibkardan əldə etmək;

– yoxlama aktına əlavə edilməsi üçün yoxlama obyektinə aid olan sənədlərin və digər növ informasiya daşıyıcılarının surətlərini kağız və ya elektron informasiya daşıyıcılarında almaq, habelə yoxlama obyektinə dair məlumat olan müvafiq informasiya sisteminə daxil olmaq;

– foto, audio və video çəkiliş aparmaq.

Yoxlayıcı bu hüquqlardan yalnız səlahiyyəti çərçivəsində və müvafiq yoxlama suallarına uyğun istifadə etməlidir.

Layihə ilə həmçinin yoxlayıcının vəzifələri də müəyyənləşir.

Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır:

– yoxlamaları bu Qanunun tələblərinə əməl etməklə sahibkarların hüquq və qanuni mənafelərinə uyğun həyata keçirmək;

– sahibkara öz hüquq və vəzifələri barədə məlumat vermək;

– yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından çıxarışları sahibkara təqdim etmək və sahibkarlara məsləhətlərin və izahatların verilməsini təmin etmək;

– yoxlamanı tam, vaxtında, obyektiv və qərəzsiz həyata keçirmək, sahibkarın müəyyən edilmiş iş rejiminə və fəaliyyətinə mane olmamaq;

– bu qanunda müəyyən edilən hallar istisna olmaqla, sahibkara məxsus əşyaların və sənədlərin bütövlüyünü təmin etmək;

– yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq;

– yoxlamanın həyata keçirilməsi prosesində tanış olduğu məlumatlar (sənədlər) barəsində bu Qanunun tələblərinə riayət etmək;

– yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək;

– yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara təqdim etmək;

– müvafiq bildirişləri və məlumatları (sənədləri) sifarişli poçt göndərişi vasitəsilə sahibkarın qeydiyyat ünvanına, sahibkar tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvana göndərmək;

– yoxlama müddətində sonradan sübut edilməsi mümkün olmayan və ya yoxlamanın icrasına mane olan hər hansı fakt (reyestrə daxil edilmiş hüquqi ünvanda sahibkarın və ya onun nümayəndəsinin olmaması, yoxlamanın keçirildiyi yerə girişə məhdudiyyət, tələb olunan sənədləri təqdim etməkdən imtina və s.) barədə qeydi yoxlama aktına daxil etmək və sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə, onlar imtina etdikdə və ya onların iştirakı mümkün olmadıqda, müvafiq qeyd etməklə rəsmiləşdirmək.

Yoxlama zamanı yoxlayıcıya aşağıdakıları etmək qadağandır:

– səlahiyyətinə, sahibkara və yoxlama suallarına aidiyyəti olmayan məlumatları (sənədləri) tələb etmək və yoxlamaq;

– qanunla digər yoxlayıcıların nəzarət sahəsinə aid olan və ya yoxlama suallarının siyahısında nəzərdə tutulmamış məsələləri yoxlamaq;

– bu Qanunda göstərilən hallar istisna olmaqla, sahibkarın razılığı olmadan onun resurslarını (daşınmaz əmlakını, nəqliyyat vasitələrini, kompüterlərini, surətçıxarma avadanlığını, dəftərxana ləvazimatını və s.) istifadə etmək;

– sahibkardan yoxlayıcı orqanlara əvvəllər təqdim edilmiş məlumatları (sənədləri) tələb etmək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər