Son dövrdə, demək olar ki, əksər insanlar, xüsusilə bizneslə məşğul olanlar “CİB” brendi barədə tez-tez eşidirlər, həmçinin istifadə edirlər. Bəs, görəsən nədir “CİB Biznes”, məramı, mahiyyəti nədən ibarətdir, hansı məqsədlə yaradılıb? Bu və digər sualları sözügedən layihənin ideya müəllifi və rəhbəri Hacıağa Hacı cavablandırıb.
– “CİB Biznes” xidməti nədir?
– Bildiyiniz kimi, CİB brendi ödənişlər bazarında artıq 6 ildir fəaliyyət göstərir. “CİB Biznes” bizim yeni biznes-to-biznes həllimizdir və CİB ekosisteminin növbəti inkişaf mərhələsidir. Bu məhsulu yaratmaqda məqsədimiz mikro, kiçik və orta biznes sahiblərinə (KOBlar) biznes prosesləri rəqamsallaşdırmağa kömək etməkdir. Həmçinin müştərilərə göstərilən xidmət keyfiyyətini və çeşidini artırmağa dəstək olmaqdır. Biz buna omni-kanal həllər deyirik, yəni sahibkar CİB Biznesə qoşulmaqla müştəriyə göstərdiyi xidməti bazarda mümkün olan bütün həllər vasitəsi ilə həyata keçirə bilir.
– Hansı xidmətlər və kanalların rəqəmsallaşmasından söhbət gedir?
– “CİB Biznes” sahibkara inventar idarəetməsini (stock management), müştərilərlə münasibətləri (CRM), satış prosesini, müxtəlif yollar ilə ödənişlərin qəbulunu və elektron ticarəti rəqamsallaşdırılmış şəkildə vahid bir məhsul olaraq təklif edir. “CİB Biznes”i seçən sahibkar bütün biznes proseslərini vahid bir həll üzərindən idarə edə bilir.
– “CİB Biznes”i yaratmaqla hansı problemləri həll etməyi düşünürsünüz?
– Bildiyiniz kimi, dünyada elektron ticarət və pərakəndə ticarətdə rəqəmsallaşma çox sürətlə artır. Azərbaycanda bu trendlər yeni-yeni ortaya çıxmağa başlayır. Bu prosesdə böyük bizneslərin üstünlükləri çoxdur. Həm böyük sərmayə yatıra, həm bir neçə kanaldan satışı asanlıqla həyata keçirə bilirlər, həm də resursları çoxdur. Kiçik və orta bizneslər bu prosesdə geridə qalır. Bizim həllimiz məhz bu sahibkarlara sərmayə qoymadan sürətli rəqəmsallaşmağa şərait yaradır.
– Belə çıxır ki, “CİB Biznes”in məqsədi elektron ticarətlə məşğul olmaq üçün bizneslərə platforma yaratmaqdır?
– Elektron ticarət işin ancaq bir tərəfidir. Sözsüz ki, elektron ticarətlə məşğul olmağa şərait yaratmaq əsas faydalardan biridir, lakin bu, tək fayda deyil. Bizim platformaya qoşulmaqla, KOB-lar həm öz anbar idarə etmə sistemini qura bilirlər, həm müştərilərlə işləmək üçün CRM sisteminə sahib olurlar, həm də müxtəlif ödəniş kanalları ilə ödənişləri qəbul edə bilirlər. Yəni biz KOB-ların satış və marketinq fəaliyyətini tam rəqəmsallaşdıra bilərik. Maraqlısı budur ki, biznes bunu smartfonun köməyi ilə edə biləcək, heç bir əlavə avadanlıq və resurslar cəlb etməyə ehtiyac qalmayacaq. Eyni zamanda, “CİB Biznes” həlli sahibkara öz mobil telefonunu satış nöqtəsinə çevirməyə və biznesini CİBindən idarə etməyə imkan verəcək.
– Siz dediniz ki, KOB-ların bu prosesdə heç bir investisiya qoymağa ehtiyacı olmayacaq. Bəs sizin biznes model nədən ibarətdir?
– Bəli, əlavə avadanlıq alıb quraşdırmağa ehtiyac yoxdur. Mobil telefon mağazanı elektron satış nöqtəsinə çevirir. Biz bu layihəyə kommersiya baxımından uzun müddətli baxırıq. Xidmətlərin böyük hissəsi KOB-lara əvəzsiz qaydada təqdim olunacaq. KOB-lardan xidmət haqqı yalnız elektron ticarətdən keçən dövriyyələr üzrə alınacaq. Bir daha vurğulamaq istərdim ki, orta-müddətli məqsədimiz KOB-ları sürətli rəqəmsallaşdırmaq və elektron ticarət dövrünə hazırlamaqdır.
- Dünyada bunun analoqları varmı?
– Bəli. “Shopify” platforması belə həllər verir. Amazon da bu yaxınlarda bildirdi ki, satış nöqtələri üçün inventar idarəetmə, məlumatların təhlili (data analytics) kimi biznes funksiyalarını əhatə edən sistem üzərində işləyir. Yəni, əslində, biz ən irəlidə olan ölkələrlə eyni vaxtda bu innovasiyanı tətbiq etmiş oluruq.
– Bir qədər də elektron ticarət barədə danışaq. Bazarın potensialını necə dəyərləndirirsiniz?
– Elektron ticarət bir çox ölkələrdə pərakəndə ticarətin 10-30%-ni təşkil edir və yaxın illərdə bu rəqəmlər daha da yüksələcək. Azərbaycanda hazırda bu rəqəmin 1-2% nisbətində olduğu qənaətindəyik. Yəni yaxın 5 ildə 5-10 dəfəlik artım proqnozlaşdırmaq olar. Yerli bazarda həllər və təkliflər az olduğu üçün alıcılar xarici saytlara, xüsusilə Türkiyə saytlarına üz tutur. Elektron ticarət ekosisteminin ilk məqsədlərindən biri bizim vətəndaşların rahat alış-veriş edə biləcəyi yerli elektron ticarət sistemləri qurmaqdır.
– Elektron ticarət sistemi deyərkən nəyi nəzərdə tutursunuz?
– Çox insan elektron ticarətə başlamağı internet səhifə yaratmaqla eyniləşdirir. Buna görə də bir çox startaplar uğursuz olur. Çünki internet səhifə həll ediləsi 4-5 problemdən ən sadəsidir. İlk növbədə anbar (mal qalıqları) idarəetməsi qurulmalıdır, yəni müştəri malı sifariş edərkən siz malın olub-olmadığından əmin olmalısınız. Çünki əgər mal yoxdursa, onda çatdırılma müddəti çox uzanacaq və ya mal çatdırılmayacaq. Əminəm ki, yerli e-ticarət səhifələrindən mal sifariş edərkən çoxları 5-10 gün çatdırılma müddəti ilə üzləşiblər.
İkinci, çatıdırlma xidməti sürətli olmalıdır. Bir neçə saatdan tutmuş, eyni gün ərzində çatdırılma üçün etibarlı kuryer xidməti təşkil olunmalıdır. Malların qaytarılması, müxtəlif növ ödənişlərin qəbulu, mal çeşidlərinin olması kimi vacib problemlər də həllini tapmalıdır. Bu məsələləri həll etmədən e-ticarətin inkişafına nail olmaq çətin olacaq.
– Sizin biznes müştəriləriniz nə cür elektron ticarətlə fəaliyyətə başlaya bilərlər?
– Bizim gətirdiyimiz yeniliklərdən biri bir neçə toxunuşla internet mağaza aça bilməkdir. Biznes bizdə qeydiyyatdan keçdikdən sonra həm oflaynda xidmətlər alacaq, həm də avtomatik internet mağazaya sahib olacaq. Bir daha vurğulayım, bunun üçün heç bir xərc çəkilməyəcək.
– Hədəfləriniz nədir?
– Vizyonumuz həm ticarətlə, həm də elektron ticarətlə məşğul olmağı asanlaşdırmaqdır. Sloqanımız da bunu yaxşı ifadə edir: “Biznesin CİBində”. Yəni bu deyilənləri həyata keçirmək üçün cibdəki smartfon yetərlidir. İlkin hədəfimiz pərakəndə ticarətlə məşğul olan mağazaları platformaya gətirməkdir. Gələn ilin sonuna qədər hədəf mağaza sayını 1.000-ə, 2023-ci ilin sonuna qədər isə 2000-nə çatdırmaqdır.
– Nə zamandan aktiv fəaliyyətə başlayacaqsınız?
– Son bir ildə aktiv şəkildə proqram təminatının hazırlanması ilə məşğul idik. Son 3-4 ayda tam həlləri vermək üçün digər tərəfdaşlarla birgə iş birliyi üçün inteqrasiyaları həyata keçiririk. Məsələn, iki kuryer şirkəti ilə əməkdaşlığa başlayırıq. Banklarla ödənişlərin qəbulu üçün əməkdaşlıq qurmuşuq. Bu aydan aktiv satış fəaliyyətinə başlayırıq.
– Bu platformalarda kimlərlə əməkdaşlıq edəcəksiniz?
– Biz CİB ekosisteminin bir parçasıyıq. CİB Azərbaycanda ilk multi-bank mobil ödəniş sistemidir. Hazırda CİB mobil tətbiqi ödəniş həlli kimi sürətli inkişaf edir. İlk növbədə “CİB Biznes” CİB mobil tətbiqi ilə birlikdə omni-kanal ödəniş həlləri üzərində çalışır. İlk addımımız QR ödənişləri həm onlayn, həm satış nöqtələrində populyarlaşdırmaq olacaq. Burada linklə ödəmək, QR kodla ödəmək, gələcəkdə tap-2-phone texnologiyası ilə ödəmək imkanları təqdim olunacaq.
Pplatforma kimi hamıya açığıq. Banklarla sıx əməkdaşlığı planlayırıq. KOB-lara biznes kartları, kredit məhsulları, alıcılara “indi al, sonra ödə” məhsulları banklar vasitəsilə təqdim olunacaq. Kuryer şirkətləri ilə əməkdaşlıqdan isə artıq bəhs etdim.
– Qarşınızda böyük iş və hədəflər var. Bu hədəflərə çatmaq üçün işlərinizdə uğurlar arzulayırıq. Suallarımızı ətraflı cavablandırdığınız üçün də təşəkkür edirik!
– Mən də təşəkkür edirəm.
CİB Biznes layihəsi barədə daha ətraflı məlumat əldə etmək üçün sayta keçid edin: https://cib.business
Tətbiqi yükləmək üçün: App Store və Google Play ziyarət edin.