Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşüb.
Görüşdə S.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün müəyyən edilmiş əsas vəzifələrdən biri sosial müdafiə sistemində şəffaflığın və bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının, əhaliyə xidmətlərdə sosial ədalət prinsipinin tam təmin edilməsidir. Təbii ki, bu istiqamətdə aparılan işlərin səmərəli təşkilində ictimai nəzarət mühüm rola malikdir. Nazirlik yanında İctimai Şuranın fəaliyyəti bu baxımdan, eyni zamanda normativ-hüquqi bazanın cəmiyyətin istək və maraqlarına uyğunlaşdırılmasında xüsusi önəm kəsb edir.
Nazir bildirib ki, ümumilikdə əmək və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşməsinə, şəffaflıq və ədalət prinsipinin güclənməsinə yönələn islahatlarda İctimai Şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır. Şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ku, bu gün onlar əhatə etdikləri geniş əhali qrupları ilə Nazirlik arasında körpü rolunu oynayırlar. Bu mənada həmin əhali qruplarının rəy və təkliflərinin öyrənilməsi, aparılan islahatların cəmiyyətin maraqları ilə uzlaşdırılması, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərində İctimai Şuranın daha aktiv dəstəyi çox vacibdir. Həmçinin bir sıra məsələlərlə (qeyri-formal məşğulluğun şəxsin gələcək sosial təminatını sual altında qoyması, sosial sığorta sistemində iştirakın əhəmiyyəti, pensiya-müavinət və s.) barədə cəmiyyətdə dolğun və sistemli təbliğat və izahat işlərinin aparılmasında İctimai Şura öz fəal dəstəyini göstərə bilər.
Nazirliyin fəaliyyətinin bütün sahələri üzrə İctimai Şura ilə daimi əməkdaşlığa xüsusi önəm veriləcəyini qeyd edən S.Babayev bildirib ki, özünüməşğulluq proqramının icra mexanizminin vacib hədəfə – aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin kiçik biznesə çıxışına imkan yaradılması hədəfinə uyğun təkmilləşdirilməsində də bu əməkdaşlıq öz töhfəsini verə bilər. Eyni zamanda, birgə fəaliyyətin əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil şəkildə qurulması, reabilitasiya səviyyəsinin artırılması üçün vacib olan fərdi reabilitasiya proqramının hazırlanması sahələrini də əhatə etməsi məqsədyönlü olar. Sosial sifarişlər əsasında layihələrin icrası zamanı toplanan təcrübə və məlumatlar sosial cəhətdən həssas qruplarla bağlı siyasətin təkmilləşdirilməsində önəmli ola bilər.
Nazir diqqətə çatdırıb ki, ümumilikdə, İctimai Şura ilə birgə əmək və sosial müdafiə sisteminin bütün sahələri diqqətlə nəzərdən keçirilməli, problemlər və onların həlli üçün görüləcək birgə işlərin istiqamətləri müəyyən olunmalı, əməkdaşlıq müstəvisində pərakəndə və formal fəaliyyətə yol verilməməli, bu sahədə işlər ilk növbədə dolğun konseptual əsaslar üzərində təşkil edilməldir.
İctimai Şuranın üzvləri gələcək əməkdaşlıqda yeni istiqamətlərin müəyyən olunması ilə bağlı təkliflərini ifadə ediblər.
Eyni zamanda Nazirlik tərəfindən icra olunan proqram və layihələr, o cümlədən beynəlxalq qurumlarla birgə həyata keçirilən layihələr barədə İctimai Şuranın mütəmadi məlumatlandırılmasının, vaxtaşırı olaraq onlar üçün təqdimatlar edilməsinin məqsədəuyğun ola biləcəyi qeyd edilib.
Görüş səslənən təkliflərlə bağlı müzakirələrin aparılması şəraitində davam edib və İctimai Şuranın üzvlərinin bütün təkliflərinin sistemləşdirilərək Nazirliyə təqdim edilməsi qərara alınıb.