Azərbaycan və Rusiya arasında qarşıya qoyulan əsas vəzifələrdən biri iki ölkənin regionları arasında əlaqələrin inkişafıdır.
Bunu Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: Kazan Forumu” adlı 14-cü beynəlxalq iqtisadi forum çərçivəsində “İqtisadi etibarlılıq. Rusiya və İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında əməkdaşlıq” sərlövhəsi altında keçirilən plenar iclasda çıxışı zamanı deyib.
Baş nazirin müavini, İslam dünyası ilə əlaqələrin Azərbaycanın xarici siyasətində xüsusi yer tutduğunu, ölkəmizin müstəqilliyin bərpasından sonra İslam Əməkdaşlıq Təşkilatına üzv olan ilk postsovet ölkəsi olduğunu qeyd edib.
“Ötən 30 ildən artıq dövrdə təşkilat dövlətləri ilə iqtisadi-siyasi əlaqələr artan istiqamətdə davam edib. Belə ki, ötən il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ölkələri ilə ticarət dövriyyəsi 42 % artaraq 9.3 milyard ABŞ dollarına çatıb. Təşkilat ölkələrinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 18 % təşkil edir. İqtisadi əlaqələrdə müsbət dinamika bu ilin geridə qalan dövründə də davam edib”, – Ş.Mustafayev qeyd edib.
Baş nazirin müavini, Azərbaycanın beynəlxalq nəqliyyat marşrutları üçün əhəmiyyətli və həlledici rolundan da danışıb. Zəngəzur dəhlizinin işə düşməsi ilə “Şimal-Cənub, “Şərq Qərb” nəqliyyat istiqamətlərinin, region ölkələri üçün böyük imkanlar yaradacağı vurğulanıb. Azərbaycanın inkişaf etmiş nəqliyyat, tranzit infrastrukturu ilə nəhəng layihələrin icrasına hazır olduğu bildirilib və bu xüsusda Bakı Beynəlxalq Dəniz Limanının əhəmiyyəti xüsusi vurğulanıb.
Ş.Mustafayev, İƏT üzvlərinin Qarabağ münaqişəsi zamanı ədalətli mövqe sərgiləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib: “Münaqişə artıq tarixdə qalıb. Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının, regionda sülhün, sabitliyin və iqtisadi çiçəklənmənin əsas təşəbbüskarı olaraq qalmaqdadır”.
Kazan səfəri çərçivəsində Rusiya-Azərbaycan münasibətlərinə həsr edilmiş dəyirmi masa təşkil edilib. Müzakirələr zamanı Rusiya və Azərbaycan arasında iqtisadi-siyasi əlaqələrin çoxşaxəli, zəngin tarixi keçmişə malik olduğu vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradəsi və birgə səyləri ilə ikitərəfli əlaqələr strateji səviyyəyə çatıb və demək olar ki, bütün mümkün sahələri əhatə edir. Qarşılıqlı maraqlara xidmət edən ikitərəfli münasibətlər, imzalanmış 250-dən artıq sənədin, o cümlədən, müttəfiqlik bəyannaməsinin yaratdığı möhkəm hüquqi bazaya əsaslanır.
Baş nazirin müavini Şahin Mustafayev, ötən il Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin 24 % artaraq 3.7 milyard ABŞ dollarına çatdığını qeyd edib: “2023-cü ilin yanvar-mart aylarında ticarət əlaqələrinin artması, bu il ikitərəfli iqtisadi əlaqələrdə yeni, daha yüksək göstəricilərin əldə ediləcəyinə əsaslı inam yaradır”.
Ş. Mustafayev, iki ölkənin hökumətləri arasında da aktiv işin aparıldığını diqqətə çatdırıb. Bü xüsusda “2024-cü ilə qədər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərinin inkişaf etdirilməsi ilə bağlı hərəkət planı”nın böyük əhəmiyyətə malik olduğu qeyd edilib. O vurğulayıb ki, iki ölkənin regionları arasında əlaqələrin inkişafı istiqamətində 2022-ci ildə Bakıda Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, mütəmadi əsasda təşkil edilən biznes forumlar, eləcə də Azərbaycan və Rusiyanın vilayətləri arasında biznes-missiyaların icrası xüsusi əhəmiyyətə malikdir.
Baş nazirin müavini, Rusiya və Azərbaycan prezidentlərinin regionlararası əlaqələrin inkişafına dair tapşırıqlarının aktiv şəkildə icra edildiyini diqqətə çatdırıb. Bu istiqamətdə ötən ilin sonu və cari ilin əvvəlində Dağıstan, Tatarıstan və Həştərxan vilayətləri ilə yüksək səviyyəli qarşılıqlı səfərlərin icra edildiyi vurğulanıb.
“Rusiya – İslam dünyası: Kazan Forumu” çərçivəsində Tatarıstanın paytaxtında “Russia Halal Expo” Sərgisi keçirilib. Azərbaycan sərgidə vahid ölkə stendi ilə təmsil olunub. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları – müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilib.
Azərbvaycan stendində eyni zamanda, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, investisiya imkanları nümayiş etdirilib.