11 C
Baku
Monday, December 8, 2025

Şahmar Mövsümov: “Etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcək”

Azərbaycanda etibarlı tərəfdaşlar gömrük haqqını hissə-hissə ödəyə biləcək.

Banker.az xəbər verir ki, bunu ölkə Prezidentinin köməkçisi, Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirib.

“Gömrük islahatları çərçivəsində bir neçə gün əvvəl dövlət başçısının imzaladığı “Etibarlı Tərəfdaş” konsepsiyasını xüsusi vurğulamaq istərdim. Konsepsiya gömrük-biznes əməkdaşlığında idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət təchizat zəncirlərinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Sənəd sahibkarlıq subyektlərinin maraqlarının qorunmasını, gəlir sahələrinin artırılmasını və gömrük xidmətlərinin modernləşməsini təmin edəcək. Konsepsiya çərçivəsində biznes subyektlərinə daha çevik ixrac mexanizmləri təqdim olunur, “Made in Azerbaijan” brendinin beynəlxalq ticarət platformalarında təşviqi dəstəklənir və milli daşıyıcılar qlobal şirkətlər üçün etibarlı müraciət subyektlərinə çevrilirlər”, – deyə o qeyd edib.

PA rəsmisinin sözlərinə görə, ​”Etibarlı Tərəfdaşlıq” modeli normativ-hüquqi aktların tələblərinə riayət edən, dövlət tərəfindən onlara verilmiş imkanlardan istifadə edən iqtisadi subyektlər üçün tətbiq olunur: “Bu, biznesin etimadını gücləndirir, özünüqiymətləndirmə institutunun inkişafına təkan verir. Konsepsiya çərçivəsində etibarlı tərəfdaşlara gömrük ödənişlərinin hissə-hissə ödənilməsi, dəstək proqramlarının hazırlanması, mütəxəssislərin formalaşdırılması və maarifləndirmə tədbirləri təmin ediləcək. Bu konsepsiyanın tətbiqi Azərbaycanın biznesinin rəqabət qabiliyyətini yüksəldəcək, ixrac imkanlarını genişləndirəcək və ölkəmizi beynəlxalq ticarət zəncirində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirəcək. Mən ümid edirəm ki, bu forum çərçivəsində “Etibarlı Tərəfdaşlıq” konsepsiyası haqqında ətraflı məlumatlar veriləcək və biznes üçün də onun yaratdığı imkanlar izah ediləcək”.

Son xəbərlər
Digər xəbərlər