23 C
Baku
Friday, April 26, 2024

Şahmat – Qroysmeysterlər necə və nə qədər pul qazanırlar qazanır?

Bu həftə dünyada 3-cü ən güclü şahmatçı sayılan və Azərbaycanın indiyədək ən uğurlu qroysmesteri Şəhriyar Məmmədyarovun maddi çətinlikləri barədə şərhi sosial mediada böyük qalmaqala və müzakirəyə səbəb oldu.

Bu müzakirələrdən yaranan əsas suallardan biri uğurlu şahmatçıların nə qədər pul qazandığı və oyunlarının inkişafı üçün nə qədər pul xərclədikləri sualı idi.

BBC News Azərbaycanca bu suala cavabı tapmaq üçün topladığı məlumatları sizə təqdim edir.

Şahmatçılar necə pul qazanır?

Dünyadakı ölkələrin çoxu beynəlxalq səviyyədə mübarizə aparan şahmatçılarına əmək haqqı vermir. Azərbaycan və Ermənistan öz şahmatçılarına əmək haqqı ödəyən nadir ölkələr arasındadır.

CNN 2016-cı ildə dərc etdiyi məqaləsində, Ermənistanda dövlətin qroysmesterlərə 120 ABŞ dolları əmək haqqı verdiyini bildirib və öz növbəsində Ermənistanın qroysmesteri Levon Aronian da dövlətin maddi dəstəyi barədə danışıb. Lakin bu məbləğin səviyyəsi barədə digər mənbələrdən məlumat yoxdur.

Azərbaycan Şahmat Federasiyasının prezident müavini isə Şəhriyar Məmmədyarovun 2000 manat əmək haqqı (1175 ABŞ dolları) aldığını deyib.

Viswanathan Anand

Viswanathan Anand vaxtilə şahmat üzrə dünya çempionu olub və Hindistanın ən güclü şahmatçılarından biridir

Nüfuzlu şahmatçılar bir çox ölkədə əmək haqqı almasalar da, bir çox ölkələr uğurlu sahmatçılarının müxtəlif beynəlxalq turnirlərə gediş və oradakı xərclərini ödəyirlər.

Bəzi nüfuzlu turnirlər isə iştirak edən şahmatçıların xərclərini özləri qarşılayırlar, lakin bu şahmat sahəsində standard deyil və turnirdən turnirə fərqlənir.

Digər və şahmatçıların əksəriyyəti üçün əsas sayılan gəlir mənbələrindən biri isə turnirlərdə verilən mükafatlardır.

Şahmatçılar fərdi turnirlərlə yanaşı komanda tərkibində də turnirlərdə iştirak edə bilirlər.

Bəzi turnirlər öz nüfuzlarını artırmaq üçün yüksək reytinqli şahmatçıları cəlb etmək məqsədilə onlara, mükafatdan kənar iştirak üçün də ödəniş verirlər. Lakin bu ödənişlərin məbləği adətən açıqlanmır.

Turnirlərin pul mükafatı isə bir-birindən çox fərqlənir.

Adətən ən böyük pul mükafatı Dünya Çempionu titulu üzrə oyunda verilir.

2016-cı ildə bir daha titulu qazanan Magnus Carlsen, ümumi 1,1 milyon ABŞ dollarlıq mükafatın 60 faizinə sahib çıxıb.

Digər yüksək mükafatlı turnirlər – 2015-ci ildə təsis olmuş Grand Chess Tour adlı müsabiqənin tərkibindəki turnirlərdir.

Bu müsabiqədə tərkib turnirlərin mükafatları adətən 1-ci yer üçün 150 min dollardan 300 min dollara qədər qalxır.

Bu ilki müsabiqənin ilk 3 turnirinin nəticələrinə baxdıqda görünür ki, müsabiqədə iştirak edən 9 şahmatçı arasında ümumiyyətlə ən çox xal toplayan Hikaru Nakamura 105 min dollar qazanıb və sonuncu yeri tutan Viswanathan Anand isə 45 min dollar.

Bu turnirlərin təşkilatçısı, Rex Sinquefield, Forbes jurnalına deyib ki, “dünyadaki ilk 10 və ya 20 ən yaxşı oyunçu şahmatdan başqa bir şey etmələrinə ehtiyacları yoxdur”.

O, dünyada ən yaxşı 20 şahmatçının illik gəlirinin 250 min dollardan yüksək olduğunu ehtimal edib.

Magnus Carlsen

Magnus Carlsen

Sponsorlar

Yuxarıda qeyd etdiyimiz ənənəvi gəlir məbələrilə yanaşı şahmatın son onilliklərdəki kommersiyalaşması şahmatçılar üçün sponsorluq imkanları da yaradıb.

Özəl şirkətlərin sponsorluğu ilə pul qazanan şahmatçılar arasında ən mühüm nümunələr beynəlxalq səviyyədə böyük uğura nail olan şahmatçılardır.

Hazırki dünya çempionu norveçli Magnus Carlsen-in sponsorları arasında Nordic Semiconductor, Arctic Securities, Simonsen Vogtwiig və VG kimi şirkətlər var.

Carlsen-in dəf etdiyi keçmiş dünya çempion Viswanathan Anand isə Hindistanın informasiya texnologiyaları üzrə təhsil şirkəti, NİİT tərəfindən sponsor olunur.

Hikaru Nakamura isə hazırda ABŞ-da milli çempiondur və Red Bull ona sponsorluq edir.

Hikaru Nakamura

Hikaru Nakamura bu ilin Grand Chess Tour turnirlərində indiyədək ən çox xal toplayan şahmatçıdır

Xərclər

Forbes jurnalına verdiyi müsahibəsində FİDE reytinqində dünyanını ikinci ən güclü şahmatçısı sayılan amerikalı Fabiano Caruana deyib ki, “şahmatın böyük qismi məşqdən asılıdır və bunun böyük qisminə pul lazımdır.”

Daha çox və daha keyfiyyətli məşq üsulları isə daha çox pul tələb edir və bu şahmatda ən güclü 10-20 oyunçuya həyatlarını tamamilə şahmata həsr etməyə imkan verir.

Lakin bu ilk onluq və ya iyirmiliyə daxil ola bilməyən oyunçuların qarşısında mühüm seçim durur – məşqə daha çox vaxt və pul həsr edərək bacarığı və hazırlığı artırmaq və ya şahmat barədə yazıb, dərs verib və ya əlaqəli digər işlərlə məşğul olmaq.

İlk seçimin uğurla nəticələnəcəyinə heç bir qarantiya yoxdur – bu nəinki maddi imkan, həm də risk tələb edir.

Müasir dövrün imkanları

Şahmatçılar üçün qloballaşmış dünyada internetin yaratdığı yeni imkanlar da əlavə və bəzi hallarda, hətta əsas gəlir mənbəyinə çevrilib.

Bu əsasən onlayn turnirlər və internet vasitəsilə şahmat dərsləridir.

Chess.com kimi internet şahmat şəbəkələri şahmat təqibçilərinə toplaşmağa bir məkan, uğurlu şahmatçılara da davamlı və artan auditoriya bazası yaradır.

Hazırda bu saytın 24 milyona yaxın üzvü var və sayt xəbərlərlə yanaşı, üzvləri arasında oyunların oyanması üçün imkan verir və bəzən onlayn turnirlər və turnirlərin canlı yayımını təşkil edir.

Digər imkanlardan biri isə şahmat barədə videolar hazırlamaq və turnirlər üçün yayımlarda aparıcı kimi iştirak etməkdir.

Nümunə olaraq ABŞ-lı şahmatçı Maurice Ashley və britaniyalı şahmatçı Daniel King-in televiziyada və onlayn yayımlarda şərhçi olaraq bir karyera qurmalarıdır.

Onlar həmçinin illərdir ki, şahmat barədə kitablar yazırlar. Amerikanın ən güclü şahmatçısı sayılan gənc Fabiano Caruana-nın nüfuzlu özbəkistanlı məşqçisi Rüstəm Qasımcanov kimi bəzi uğurlu şahmatçılar isə məşqçi olaraq da karyera qururlar.

Dünya çempionu Magnus Carlsen-in hətta mobil telefonlar üçün müxtəlif proqramları və şahmat oyunu var və o, bu telefon oyununda yüksək xal toplayanlara qarşı canlı oyun oynamağa hazır olduğunu bildirib.

Sosial media

Şahmatçılar üçün kommersiya imkanları artıran vasitələrdən biri də sosial şəbəkələrdir.

FİDE reytinqilə dünyanın ən güclü şahmatçılarının böyük əksəriyyəti Twitter, Facebook, İnstagram və hətta Twitch kimi video yayım platformlarından istifadə edirlər.

Onların arasında Twitter-də ən fəal olanlar Viswanathan Aanand (537 min təqibçi), Magnus Carlsen (193 min təqibçi), Hikaru Nakamura (69 700 təqibçi), Fabiano Caruana (54 700 təqibçi), Levon Aronian (42 200 təqibçi) və Anish Giri-dir (41 300 təqibçi).

Fabiano Caruana

Fabiano Caruana-nın sosial şəbəkələrdəki populyarlığı nəticəsində, amerikalı kostyum dərzi şirkəti ona pulsuz kostyumlar verməyi təklif edib

Sosial şəbəkələrdəki fəallıq və populyarlığın müsbət nəticələrindən biri şahmatçılara öz brendlərini yaratmağa qazandırdığı imkandır və bəzən sponsorlar üçün əlaqə üsuluna da çevrilə bilir.

Məsələn, Wall Street Journal qəzetinə müsahibəsində amerikalı qroysmeyster Fabiano Caruana bildirib ki, ABŞ-ın dəbli kostyum şirkətlərindən biri, Thom Browne, onun Instagram hesabına mesaj yazaraq pulsuz kostyumlar verməyi təklif edib.

Yuxarıda qeyd edilən internet turnirlərinə gəldikdə isə, burada mükafatın məbləği adətən bir neçə min ABŞ dollarından ibarət olmasına baxmayaraq şahmatçılar üçün əlavə gəlir mənbəyi yaradır.

Chess.com-un Twitch video yayım şəbəkəsində Sürətli Şahmat Çempionatı videosunun 19 milyona yaxın baxışları, həmçinin bu cür şəbəkələrin əlavə gəlirlə yanaşı, şahmatçılara davamlı təqibçi və azarkeşlər toplamağa imkanlar yaradır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər