24 C
Baku
Sunday, September 29, 2024

Şahmatın tarixi və uşaqlara təsiri barədə

Müəllif: Kənan Kərimzadə 

Şahmat barədə

Güman olunur ki şahmat təxminən 570-ci ildə Hindistanın şimal şərqində icad olunub. Ərəblər isə 9-cü əsrdə bu gözəlliyi Avropaya tanıdıblar, “mansuba” və digər bilməcələr kimi. Maraqlıdır ki, tarixi 1000 ildən çox olan bir şahmat (şatranj) bilməcəsi var, Dilaram’s mate adlanır.

Dilaram adlı bir hind taciri pul ilə şahmat oynamağın həvəskarı idi. Bu işə həddindən artıq aludə olması nəticəsində o, öz var-dövlətini tədricən itirmişdi. Dilaramın bir neçə arvadı var idi, son oyunda Dilaram hətta öz sevimli arvadını pul əvəzinə qoyaraq öz tələskənliyi ucbatından az qala onu da uduzmuşdu. Lakin tacirin arvadı hiss edir ki, yoldaşı iki topu qurban verməklə öz rəqibinə mat qoya bilər. Arvadı bunu onun qulağına pıçıldayır və nəticədə əri öz rəqibini udur.

Dünyada şahmat adlanan bu oyunun dəqiq yaşı məlum deyil. Bir rəvayətə əsasən şahmat miladdan əvvəl 1000-ci ildə qüvvəyə yüksəltməni ixtira etmiş hind riyaziyyatçısı tərəfindən ixtira olunmuşdu. Həmin vilayətin hökmdarı bu gözəl oyuna görə hansı hədiyyə ilə mükafatlandırılmaq istədiyini soruşduqda o, belə söyləmişdi : “Gəl şahmat lövhəsinin birinci xanasına bir buğda dənəsi, ikincisinə isə əvvəlkindən iki dəfə daha çox, növbətiyə isə öncəkindən iki dəfə daha çox və s. buğda qoyaq. Beləcə bütün 64 xana dolandan sonra alınan buğdanın miqdarını mənə verin”. Hökmdar cəmi iki-üç kisə buğdadan söhbət getdiyini düşünərək çox sevinir. Lakin bütün buğdaları saydıqdan sonra başa düşür ki, dünyanın bütün buğdasını bir yerə yığsan belə, bu riyaziyyatçı ilə hesablaşmaq mümkün olmayacaq.

Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini daha uzaqlara, miladdan əvvəl III-II minilliklərə aid edir. Yazılı ədəbiyyatda bu oyun barədə ilk məlumat V əsrə aid olan fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər. Sasani şahı I Xosrov Ənuşirvanın hakimiyyəti dövründə( 531-579) şahmat İrana yayılır. Farsca yazılmış bir əsərdə bütün dəqiqliyi ilə bütün şahmat terminologiyası, şahmat fiqurlarının adları və hərəkəti qaydaları təsvir olunur. Şahmat oyunu haqqında məlumata Ə.Firdovsinin «Şahnamə» əsərində də rast gəlinir. Poemada hind racəsinin elçilərinin Sasani şahı I Xosrov Ənuşirvana təqdim etdiyi hədiyyələr təsvir edilir. Poemaya görə bu hədiyyələr sırasında iki ordunun döyüşünü xatırladan oyun da var idi.

Sasani imperiyasının varlığına ərəblər tərəfindən son qoyulduqdan sonra, şahmat bütün dünyada geniş yayılmağa başladı. İspaniyaya bu oyun ərəblər tərəfindən gətirilmişdir və Avropada onun haqqında ilk məlumat 1010-cu ilə aiddir. Bəzi rəvayətlərə görə bahalı şahmat fiqurlar dəsti hədiyyə olaraq Frank imperatoru Böyük Karla Ərəb xəlifəsi Harun əl Rəşid tərəfindən hədiyyə olaraq verilmişdir. Əfsanəvi kral Arturun sarayında şahmat oynanılması barədə bir poema da mövcuddur. Alman ədəbiyyatında bu barədə ilk qeyd rahib Frumun fon Teqermse tərəfindən edilmişdir.1030-1050-cu illərdə o yazmışdı ki, Xorvatiyadan olan Svetoslav Şurin Venesiya doju II Piterdən Dalmasiya vilayətini idarə etmək hüququnu məhz şahmatda udmuşdur. Almaniyadan şahmat İtaliyaya, oradan isə İngiltərəyə yayılmışdır. X-XI əsrlərdə şahmat Skandinaviyada tanındı. Novqorod ərazisində əldə olunmuş arxeoloji tapıntılar şahmatın Rusiyaya Orta Şərqdən gəldiyini sübut edir. Bugünkü şahmat fiqurlarının adları onların ərəb və fars köklərinə malik olduğuna işarə verir.

Məlumdur ki, şahmat ilkin variantda dörd dəst fiqur olan dörd nəfərin oynanılması üçün nəzərdə tutulurdu. Bu oyun Şətrənc adlanırdı. ( sanskritcə «Şatr» «dörd», «anqa» isə «dəstə» deməkdir). Hind mistisizminə əsasən «şətrənc» özünə kainatı təcəssüm etdirir. Dörd tərəf dörd ünsürü- torpaq, hava, od, və suyu, habelə dörd fəsli və dörd insan temperamentini əks etdirir.

Bu oyuna ən böyük təsiri ərəbləri göstərmişlər. «Şahmat» sözü farsca «şah» (hökmdar) və ərəbcə «mat» («öldü») sözlərindən ibarətdir. Məşhur ərəb riyaziyyatçısı Əl-Ədlin şahmat haqqında ilk kitabında «mənsub» adlı şahmat məsələləri verilmişdir. Təəssüf ki, bu qiymətli kitab bu günümüzədək gəlib çatmamışdır. Şahmat oyunu Avropaya yayıldıqdan sonra ona bir çox kitablar həsr olunmuşdur. Onların içərisində ən qiymətlisi İspaniya kralı Müdrik Alfanso tərəfindən 1283-cü ildə yazılmış kitabdır.

Şahmat oyununu idman yarışlarına aid edirlər. Sözsüz ki, şahmat oyunu fiziki gərginlik tələb etmir. Lakin bu oyunun vasitəsilə intellektual qabiliyyətləri inkişaf etdirmək, böhranlı vəziyyətdə hisslər üzərində nəzarət etmək mümkündür. Şahmat oyunu insan sağlamlığına xidmət edən müdrik bir oyundur.

babusahmatUşaqlar və şahmat

IBM araşdırmasına görə şahmat öyrənmək uşaqların oxu performansını yüksəldir. Moldova Təhsil nazirliyinin bir hesabatına görə şahmat məşğələlərinə qatılan uşaqların bütün dərslərdə qiymətləri yüksəlir. Dünya şahmat çempionu Kasparovun sözlərinə görə cəmi bir il şahmat tədrisi ilə uşaqların öyrənmə bacarıqlarını artırmaq, konsentrasiya, tətbiq, məntiqi yanaşma, intizam, hörmət, davranış və hərəkətlərdə ciddi məsuliyyət kimi dəyərlər əldə etmək olar. Hazırda bu empirik müşahidələri elmiləşdirmək üçün İsraildə bir araşdırma mərkəzi yaradılıb, yalnız bu məqsəd üçün.

(Chessbase.com və Şahmat səhifəsindən istifadə etdim)

Son xəbərlər
Digər xəbərlər