26 C
Baku
Saturday, July 27, 2024

Sakitlik beyinə necə təsir edir?

Bir neçə araşdırmanın son nəticələrinə əsasən, gün ərzində sakitlikdə zaman keçirmək insanın potensialının aşkar edilməsinə kömək olur. Belə ki, sakitlik yaddaşı fəallaşdırır, qəbul edilən məlumatı təhlil etməyə yardım edir və hətta beyin hüceyrələrinin artımına səbəb olur.

Yüksək səslər insanın beyninə və bədəninə mənfi təsir edir. Araşdırmalar göstərir ki, “səs çirklənməsi” arterial təzyiqin yüksəlməsinə, yuxu pozğunluğuna və ürək xəstəliklərinə səbəb olur.

Səsin uzun müddətli təsirini araşdıran alimlər məhz olaraq sakitliyin insan orqanizminə təsirini aydınlaşdırmağa çalışmışlar. Nautilus nəşrindən Daniel A. Gross sakitliyin insan beyninə müsbət müsbət təsirlərini ətraflı şəkildə təsvir edib. O musiqinin, yüksək səsin və digər səslərin insan beyninə təsirini araşdıran bir neçə mükəmməl nəticəli araşdırmanı toplamışdır. Beləliklə, sakitliyin əsas 3 üstün cəhəti aşağıdakılardır:

Beyində yeni hüceyrələrin artımı:

Dyuko universitetinin regenerativ bioloqu Imke Kirste müxtəlif səslərin siçanlar üzərində təsirini araşdırdığı zaman sakitlikdən idarəedici amil kimi istifadə etməyi planlaşdırırdı. Lakin bu zaman aydın olur ki, gün ərzində 2 saatı sakitlik içərisində keçirən siçanların beynində, daha doğrusu hippokampda yeni hüceyrələr yaranır. Beyinin bu hissəsi emosiyaların yaranması və informasiyanın qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürülməsi zamanı istifadə olunur.

Yaddaşın aktivləşdirilməsi:

Ətrafda heç bir səs olmadığı zaman belə, beyin yeni bir şeylər qəbul etməyə, yaxud “işə düşməyə” hazır vəziyyətdə dayanır. Məsələn, öz sevimli musiqinizi dinləyirsiniz və o qəfil olaraq dayanır. Əgər həmin mahnının melodiya və sözlərini yaxşı bilirsinizsə, bu mahnı beyninizdə ifa etməyə davam edəcək. Yaddaşdan tanış akkord və mətni götürən beyin səslənmə illuziyası yaradır. Nautilus nəşrində bu fakt onunla izah olunur ki, baş beyinin duyum hissəsi gərgin olaraq işləməyə davam edir. Qulağınız heç bir səs eşitmədiyi bir halda belə, beyin fəal olaraq qalmaq üçün bir yol tapacaq.

Refleksiyanın stimullaşdırılması:

Beyin xarici qıcıqlandırıcılar ilə qarşılaşmadıqda, o hər hansı konkret bir amil üzərində fokuslanmaq prosesini dayandırır və “çeşidləmə rejiminə” keçir. Lakin bu o demək deyil ki, o tam olaraq fəalliyyətini dayandırır. Əksinə. Dinc vəziyyətdə olan beyin məlumat qəbul etməyə və onları belə desək çeşidləməyə başlayır. Bu refleksiya adlanır. Kənar səs dalğaları beyini dinləməyə məcbur edir. Bunun əksinə, ətrafımızda sakitlik hökm sürdükdə beyin yalnızca daxilimizdə baş verənləri dinləməyə təhkim olunur.

Bu cəhətlərdən nəticə çıxararaq belə qənaətə gəlmək mümkündür ki, beyin və orqanizmin sağlamlığı üçün mümkün qədər yüksək səsli məkanlardan uzaq olmaq daha məqsədəuyğundur. Üstəlik, gündəlik olaraq ağır zehni işlə məşğul olursunuzsa.

 

Son xəbərlər
Digər xəbərlər