14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Salvador dünyanın ilk kriptovalyuta şəhərini inşa edəcək

Salvador “Bitcoin City” şəhərinin tikintisi üçün istifadə edəcəyi dünyanın ilk bitkoin istiqrazlarını buraxacaq. Banker.az xəbər verir ki, bunu ölkə prezidenti Nayib Bukele kriptovalyutaların təşviqi ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

Bildirildiyi kimi, Salvador blokçeyn şirkəti “Blockstream” ilə 1 milyard dollarlıq bitkoin istiqrazlarının yerləşdirilməsi haqqında müqavilə bağlayıb. Onların satışından əldə edilən gəlirin yarısı bitkoinə çevriləcək, digər hissəsi isə şəhərin infrastrukturuna və vulkan enerjisi ilə işləyən mədən stansiyalarına xərclənəcək.

“Bitcoin City”nin, Bukelenin sözlərinə görə, şərqi La-Union bölgəsində inşa edilməsi planlaşdırılır. Şəhəri enerji ilə təmin etmək üçün Konçaqua vulkanının yaxınlığında geotermal elektrik stansiyası tikiləcək.

Sakinlər gəlir, əmlak və kapital gəlirlərinə görə vergi ödəməyəcəklər, eyni zamanda geotermal enerjidən istifadə edərək kriptovalyuta mayninq edə biləcəklər. “Buraya sərmayə qoy və istədiyin qədər pul qazan. Bu tamamilə ekoloji bir şəhərdir, çünki enerjini vulkandan alır”, – deyə Bukele əlavə edib.

Xatırladaq ki, sentyabrın 7-dən Salvador hökuməti bitkoini rəsmi ödəniş vasitəsi kimi tanıyıb. Bukele izah edir ki, kriptovalyutadan istifadə ölkəyə investisiya cəlb etməyə, istehlakı artırmağa və xaricdə işləyən milyonlarla sakin üçün pulköçürmə əməliyyatlarını azaltmağa kömək edəcək.

Sorğular göstərir ki, salvadorlular bitkoinin rəsmi valyuta kimi istifadəsinə şübhə ilə yanaşırlar və tokenin qəbulu ilə bağlı problemlər dəfələrlə etirazlara səbəb olub.

Son xəbərlər
Oxşar xəbərlər
X