Salvador səlahiyyətlilərinə aid olunan bitkoin ehtiyatlarının çoxu ölkə daxilində fiziki saxlanclarda saxlanılacaq.
Bu barədə Salvador Prezidenti Nayib Bukele məlumat verib.
“Bitkoin əmanətlərimizin böyük hissəsini soyuq pul kisəsinə (internetə müntəzəm qoşulma olmadan kriptovalyutanın saxlanması və idarə edilməsi üçün xüsusi proqram və ya fiziki cihaz) köçürmək və onu ölkəmizdəki fiziki saxlancda saxlamaq qərarına gəldik. Buna bitkoinlərin saxlanması üçün ilk daxıl-bankımız da deyə bilərik”, – o, “X” sosial şəbəkəsində yazıb.
Prezidentin açıqladığı məlumatlara görə, hökumətin kripto pul kisəsində 5 689,68 bitkoin və ya təxminən 406,6 milyon ABŞ dolları var.
Xatırladaq ki, 2021-ci ildə Salvadorda Bukele hökuməti tərəfindən təklif olunan qanun qəbul edilib və bitkoin ABŞ dolları ilə birlikdə rəsmi ödəniş vasitəsinə çevrilib.