11 C
Baku
Wednesday, December 11, 2024

Şamaxı Üzüm Tingçilik Mərkəzində 500 min ədəd yerli sort calaq ting istehsal olunacaq

Azərbaycanda ilk dəfə olaraq yerli üzüm sortları – Bayanşirə, Mədrəsə, Xindoqnı, Arna-qrna, Şirvanşahıdan ibarət 500 min calaq ting istehsal olunacaq. Bunun üçün artıq Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun Şamaxı Üzüm Tingçilik Mərkəzində işlərə başlanıb. Adıçəkilən sortlardan calaqüstü əkin materialının əldə olunması məqsədilə institut əməkdaşları tərəfindən aprobasiya olunmuş üzüm başlarından tədarük olunmuş çubuqlardan, calaqaltı kimi isə filokseraya davamlı hibridlərdən istifadə olunur.

Bunu Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmləri doktoru Vüqar Səlimov bildirib.

O qeyd edib ki, respublikada iri sənaye üzüm bağlarının salınması məqsədilə keyfiyyətli tinglər xaricdən – İtaliya, Fransa, Almaniya, Türkiyə, Serbiya, Gürcüstan və Moldovadan gətirilərək əkilir: “Xaricdən alınan hər bir calaq tingin dəyərinin 4-5 AZN olduğunu nəzərə alsaq, ölkədən nə qədər valyuta çıxır. Qeyd edək ki, xaricdən gətirilən tinglər olduqca baha başa gəlməklə yanaşı, çox vaxt virus xəstəliklərinin daşıyıcısı olan xarici əkin materialı yerli sortların həmin xəstəliklərə yoluxmasına təhlükə yaradır, yerli sortların qorunmasına və milli brendlərin istehsalına mənfi təsir göstərir. Həmçinin xarici tinglərin ölkəyə gətirilməsində və əldə olunmasında fermerlər bir sıra çətinliklərlə qarşılaşırlar. Bu isə fermerlərin iqtisadi vəziyyətləri ilə uzlaşmır. Digər tərəfdən gətirilən tinglərdə sort qarışığına yol verilir, uzun müddət daşınma prosesində fiziki və termiki proseslər nəticəsində zədələnmələr baş verdiyindən, tingin bitiş faizi aşağı düşür. Nəticədə bağlarda xeyli seyrəklik yaranır ki, bu da eyni sortdan sifariş verərək seyrəkliyin aradan qaldırılmasında çətinliklər meydana çıxarır”.

Şamaxı Üzüm Tingçilik Mərkəzində istehsal olunan tinglər bioloji, fitosanitar baxımdan təmiz və fillokseraya davamlı olacaq. “Bu tinglər fermer və istehsalçıların marağına və tələbatlarına uyğun olaraq, əsasən yerli və xarici üzüm süfrə, texniki, o cümlədən kişmişi üzüm sortlarından ibarət olacaq. İstehsal edilən əkin materialı yerli şəraitə uyğun yetişdirildiyindən və xarici tinglərlə müqayisədə ucuz başa gəldiyindən fermerlərin iqtisadi maraqları ilə uzlaşır. Belə ki, yerli istehsal hesabına tingin qiymətinin aşağı düşməsi, o cümlədən rəqabətədavamlı məhsul istehsalına imkan verən, yüksəkkeyfiyyətli, abiotik və biotik amillərə nisbətən davamlı, virus xəstəliklərindən azad üzüm tinglərindən istifadə fermerlərin gəlirlərinin xeyli artıracaq,” – deyə V.Səlimov deyib.

 

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər