Ötən il Azərbaycan iqtisadiyyatında yaranmış geriləmə xeyli azalıb.
Bunu maliyyə naziri Samir Şərifov AZTV-də efirə gedən “Günün nəbzi” verilişində bildirib.
“Ötən il ölkə iqtisadiyyatında müəyyən geriləmə var idi. Biz mənfi 3,9 faiz olan geriləmənin sürətini xeyli azaltmışıq və təqribən ilin sonuna qədər bunun 0,2 faiz olacağını gözləyirik. Bu da bizə imkan verir ki, 2018-ci ildə müsbət iqtisadi artıma qayıdaq”, – deyə nazir əlavə edib.
Onun sözlərinə görə, dövlət tərəfindən idxalın bir qədər azaldılması istiqamətində görülən tədbirlər də, buna öz müsbət təsirini göstərməkdədir:
“Bir tərəfdən yerli istehsal daha fəal inkişaf edir, bunun üçün stimul yaranır, digər tərəfdən isə idxalın azalması prosesi baş verib. Bunlar şübhəsiz ki, bizim valyuta mövqeyimizə, valyuta ehtiyatlarımızın azalmamasına, əksinə isə bir qədər artmasına müsbət təsir göstərib.
Bu ilin ötən müddəti ərzində ölkənin ticarət saldosu müsbətə doğru dəyişib. Şübhəsiz ki, burada neftin qiymətinin artmasının da rolu var. Eyni zamanda, ölkədə aparılan idxalın əvəzlənməsi siyasəti öz müsbət nəticələrini verməkdədir. İndi ticarət saldomuz təqridən 5 milyard dollara yaxın müsbət nəticə verib. Bu da onu göstərir ki, ölkəyə daha çox xarici valyuta daxil olur ki, bu da öz növbəsində bizim tədiyyə balansımıza müsbət təsir göstərir. Beləliklə, biz valyuta ehtiyatlarımızı, maliyyə qüvvəmizi bir qədər də artırmağa nail olmuşuq”.
S.Şərifov bildirib ki, 2018-ci ildə də bu işlərin davam etdirilməsi istiqamətində işlər görüləcək:
“Qəbul edilmiş dövlət büdcəsi bunun üçün münbit şərait yaradır. İlk növbədə ona görə ki, artıq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış makroiqtisadi proqnoza görə, ölkə iqtisadiyyatının növbəti ilə 1,5 faiz artacağı gözlənilir. Artımın əksər hissəsi qeyri-neftt sektorunun payına düşəcək. Bu vacib bir göstəricidir. Çünki cari ildə də qeyri-neft sektoru 22,4 faiz artıb, lakin neft sektorunda bizdə bir qədər geriləmə var”.