8 C
Baku
Friday, December 13, 2024

Samir Şərifov dövlət büdcəsinin xərclərini açıqladı

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub.

Bu haqda parlament komitələrinin büdcə ilə bağlı müzakirələrində maliyyə naziri Samir Şərifov məlumat verib. Banker.az bu barədə oxu.az-a istinadla yazır.

O qeyd edib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür.

Bildirib ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.

2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla, 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub:

“2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2,275 mlrd. manat, səhiyyə xərcləri 1,048 mlrd. manat, müdafiə xərcləri 3,038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırılır”.

Nazir bildirib ki, dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilib ki, bu, 2017-ci ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 mln. manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 mln. manat və ya 95,9% çoxdur:

“Büdcə zərfində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-yə nisbətinin 2,3% təşkil edəcəyi nəzərdə tutulub.

2019-cu il icmal büdcənin gəlirləri 29 724,6 mln. manat və ya cari ilə nisbətən 1 599,9 mln. manat və ya 5,7% çox, xərcləri 27 372,3 mln. manat və ya əvvəlki ilə nisbətən 797 mln. manat və ya 3,0% çox nəzərdə tutulur”.

Son xəbərlər
Digər xəbərlər