9 C
Baku
Saturday, December 21, 2024

Samir Şərifov: “Gəlirlərin 2 milyard 382 milyon manat, kəsirin 43 milyon manat artımı nəzərdə tutulur”

“Yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin 2 milyard 382 milyon manat və kəsirin 43 milyon manat artımı nəzərdə tutulur”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri deyib ki, eyni zamanda təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik (561 milyon manat) hesabına formalaşacaq 2 milyard 986 milyon manat vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur:

– İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi – 1 milyard 447 milyon manat;

– Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi – 34 milyon manat;

– Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə – 588 milyon manat;

– Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə – 519 milyon manat;

– Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə – 193 milyon manat;

– Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi – 163 milyon manat;

– Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat.

Yenidən baxılma ilə 2022-ci ilin dövlət büdcəsinin xərcləri 32 milyard 304 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da təsdiq olunmuş büdcədən 2 milyard 425 milyon manat və yaxud 8,1 faiz çoxdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər