Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrasına dair hesabat” müzakirə edilib.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanuna uyğun olaraq hər ilin may ayında dövlət büdcəsinin icrası Milli Məclisə təqdim olunaraq müzakirə olunur: “İqtisadi çətinliklərə baxmayaraq sosial proqramların icrası dayandırılmayıb. Xarici öhdəliklər vaxtında yerinə yetirilib. Hökumətin 2015-ci ildə aparılan siyasəti yüksək qiymətləndirilməlidir. Mayın 31-də Milli Məclisin plenar iclasında bu məsələ müzakirə olunacaq və artıq gündəliyə salınıb”.
Maliyyə naziri Samir Şərifov isə qeyd edib ki, bu qanun layihəsində büdcənin icra vəziyyəti ilə bağlı göstəricilər əks olunub. Nazirin sözlərinə görə, dünya bazarında xammal bazarında qiymətlərin aşağı düşməsi, iqtisadi artım templərinin aşağı düşməsi qlobal ticarətə səbəb olub: “Bu hadisələr dünya iqtisadiyyatına və bu ölkələrin tədiyyə balansına təsir göstərib. 2014-cü il ilə müqayisədə 2015-ci ildə qlobal iqtisadiyyat 0,3% azalıb və 3% ətrafında olub. Bütün bu hadisələr Azərbaycan iqtisadiyyatına da təsir edib, ölkəyə xarici valyuta axınına, ölkənin maliyyə-bank sisteminin dayanıqlığına təsir edir. Dövlət başçısı tərəfindən atılan çevik addımlar hesabına xarici iqtisadi faktorlardan qaynaqlanan mənfi fəsadların neytrallaşdırılması təmin edilib. Bütün bunlara baxmayaraq büdcənin icrası ilə bağlı öhdəliklərin icrası yerinə yetirilib”.
Nazir bildirib ki, ilk olaraq büdcədə neftin qiyməti 90 dollar götürüldüyündən, lakin “qara qızıl”ın orta qiyməti 53,6 dollar olduğundan dövlət büdcəsinin gəlirlərində azalmaya səbəb olub.
“2015-ci il icmal büdcənin gəlirləri 20716,8 mln. manat proqnoza qarşı 18 mlrd. 416 mln. manat və ya 88,9%, xərcləri isə 25 mlrd. 911 mln. manat proqnoza qarşı 21014,7 mln. manat və ya 81,1% icra olunub. 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat proqnoza qarşı 90% icra olunaraq 17 mlrd. 498 mln. manat olub. Bu göstərici 2014-cü illə müqayisədə 902,6 mln. manat və ya 4,9% azdır. 2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 8 mlrd. 130 mln. manatı və ya 46,5%-i Dövlət Neft Fondundan transfertin, 7 mlrd. 118,3 mln. manatı və ya 40,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 mlrd. 591,9 mln. manatı və ya 9,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 657,8 mln. manatı və ya 3,7%-i digər mənbələr üzrə daxilolmaların payına düşür. 2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 mlrd. 112,0 mln. manat proqnoza qarşı 7 mlrd. 118,3 mln. manat, yəni nəzərdə tutulduğundan 6,3 mln. manat və ya 0,1%, 2014-cü illə müqayisədə isə 4,6 mln. manat (0,1%) çox icra olunub. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 590 mln. manat proqnoza qarşı 1 mlrd. 591,9 mln. manat və ya 100,1% icra olunub ki, bu da 2014-cü illə müqayisədə 81,1 mln. manat (5,4%) çoxdur”.
2015-ci ildə dövlət büdcəsi gəlirlərinin 41,6%-ni qeyri-neft sektorundan gəlirlər təşkil edib ki, bu da 2014-cü illə müqayisədə 7,6 faiz-bənd, 2013-cü illə müqayisədə 14,7 faiz- bənd çoxdur. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 7 mlrd. 278,1 mln. manat və ya 107,8% icra edilməklə, proqnozla nəzərdə tutulduğundan 528,1 mln. manat, 2014-cü illə müqayisədə 1 021,6 mln. manat və ya 16,3% çox təşkil edib. 2015-ci ildə qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin qeyri-neft ÜDM-də xüsusi çəkisi 19,3% olub ki, bu da 2014-cü ilə nisbətən 1,9 faiz-bənd çoxdur.
S. Şərifov əlavə edib ki, 2015-ci ilin ortalarından etibarən dövlət büdcəsinin xərcləri ilə bağlı qənaətə başlanılıb: “Ötən il sosial xərclərin icra edilməsinə üstünlük verilib. Ötən il yalnız lüzumsuz xərclər üzrə qənaət edilib”.
2015-ci ildə ölkə iqtisadiyyatının məruz qaldığı xarici qiymət şoklarının qısa və ortamüddətli təsirlərinə cavab olaraq büdcə yığcamlaşdırılması siyasəti davam etdirilib. 2015-ci il dövlət büdcəsinin xərcləri 21 mlrd. 100 mln. manat proqnoza qarşı 17 mlrd. 784,5 mln. manat və ya 84,3% icra edilib.
Qanun layihəsi müzakirələrdən sonra plenar iclasa tövsiyə olunub.