11 C
Baku
Sunday, November 17, 2024

Samir Şərifov: Vergi və gömrük güzəştlərinə yenidən baxılacaq

Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlərin azalması, eləcə də dövlət büdcəsinin gəlirlərinin ümumi həcmində qeyri-neft gəlirlərinin payının artması yaxın illər üçün büdcə-fiskal siyasətinin prioritetlərindən biridir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar və energetika, Sosial siyasət, Təhlükəsizlik və müdafiə komitələrinin 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə birgə iclasında deyib.

Onun sözlərinə görə, 2016-cı ilin dövlət büdcəsi layihəsinin hazırlanması dünya iqtisadiyyatında qeyri-sabitlik şəraitində həyata keçirilib: “İlin əvvəlindən dünya maliyyə bazarlarında qeyri-sabitlik müşahidə olunur, xammal resurslarının qiymətləri ucuzlaşır. Bütün bunlar gəlirlərin azalmasına, milli valyutaların ucuzlaşmasına, dövlət büdcələrinin kəsirinin artmasına və xammal ixrac edən ölkələrin tədiyə balansında problemlərə gətirib çıxarıb”.

Bununla əlaqədar olaraq, nazir qeyd edib ki, gələn il, eləcə də 2017-2019-cu illərdə bəzi sahələrdə vergi və gömrük güzəştlərinə yenidən baxmaq və məhdudlaşdırmaq, bəzi hallarda isə ləğv etmək planlaşdırılır: “Bununla yanaşı, Azərbaycan hökuməti tikinti, iaşə və ticarət sahələrində vergi tutulmasını sadələşdirməyi planlaşdırır ki, bu da sahibkarlığın inkişafına əlavə təkan verəcək və nəticədə dövlət büdcəsinin gəlirlərinin artmasına gətirib çıxaracaq”.

S.Şərifov bildirib ki, 2016-cı ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürülüb: “2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,566 milyard manat , xərcləri isə 16,264 milyard manat həcmində proqnozlaşdırlır”.

Son xəbərlər
Digər xəbərlər