Cənubi Koreyanın ən böyük broker şirkətlərindən biri Samsung Securities Co. eyni zamanda səhmdarları olan işçiləri ilə hesablamalarda səhvə yol verib. Bloomberg məlumat verir ki, dividendlərin ödənilməsi üçün onlar hər bir səhm üçün 1 min Koreya vonu (0,93 dollar) alacaqdılar, lakin səhv nəticəsində Samsung Securities-dən 1000 səhm alıblar.
Səhvən verilmiş və reallıqda mövcud olmayan 2,83 milyard səhmin ümumi dəyəri nəzəri olaraq 112,6 trilyon von (təxminən 105 milyard dollar) təşkil edir. Bloomberg qeyd edir ki, bu məbləğ şirkətin özünün bazar qiymətini 30 dəfədən də çox ötür. Cənubi Koreyanın Kütləvi İnformasiya Vasitələri səhvən verilən səhmləri “kabus” səhmlər adlandırıblar. Ümumilikdə şirkətin təxminən 2 min əməkdaşı bu cür səhmləri alıb.
Agentliyin məlumatına görə, səhmlərin mövcud olmaması faktı belə “kabus” qiymətli kağızları almış bəzi işçilərə onları satmağa mane olmayıb. Onun məlumatına görə, səhmləri Samsung Securities Co. şirkətinin 16 əməkdaşı satıb. WSJ-yə görə, “kabus” səhmlər təxminən 187 milyon dollara satılıb.
Şirkət tərəfindən buraxılan səhv 37 dəqiqədən sonra aşkar olunub və səhvən verilmiş səhmlər üzrə əməliyyatlar bloklanıb. Lakin “kabus” səhmlərin satışı haqqında məlumat bazara çatdığından, nəticədə şirkətin qiymətli kağızlarının qiyməti 6 dəqiqə ərzində, demək olar ki, 12% aşağı düşüb. Bloomberg qeyd edir ki, bu 2008-ci ilin qlobal iqtisadi böhranından sonra ən böyük eniş olub.
Samsung Securities-in baş müdiri Ku Sunq-Hun, şirkətin zərər çəkmiş investorlarına zərərin “maksimum mümkün dərəcədə” ödəniləcəyini vəd edib. Səhvən paylanmış səhmləri satan işçilər isə cəzalandırılacaqlar.
Hadisənin araşdırılması ilə Koreyanın maliyyə tənzimləyicisi məşğuldur. Hadisənin başqa nəticəsi də olub – ölkənin ən böyük pensiya fondlarından biri olan Milli Pensiya Xidməti Samsung Securities Co.-nun broker xidmətlərindən istifadə etməkdən imtina edib. Həmçinin Cənubi Koreyanın Maliyyə Nazirliyi şirkəti dövlət istiqrazları ilə işləyən brokerlərin siyahısından çıxarmaq niyyətindədir.