Samsung Fransanın süni intellekt startapı Mistral-a investisiya yatırılması ilə bağlı danışıqlar aparır. Bu barəd əvəziyyətlə tanış olan mənbələrə istinadən Financial Times (FT) yazıb.
Mənbələrin sözlərinə görə, söhbət Mistral-ın təxminən 20 milyard avro dəyərində qiymətləndiriləcəyi yeni maliyyələşdirmə raundundan gedir. FT yazır ki, Samsung əvvəllər də vençur bölməsi vasitəsilə startapa sərmayə yatırıb və bu dəfə təxminən 1 milyard avro investisiya edə bilər.
FT qeyd edir ki, Mistral ABŞ Prezidenti Donald Tramp administrasiyasının Anthropic-in ən yeni Mythos və Fable modellərinə ABŞ-dən kənar istifadəçilərin çıxışını məhdudlaşdırmasından sonra Avropa və Asiyada hökumətlər və şirkətlər arasında Amerika süni intellekt modellərinə alternativlərə artan maraqdan yararlanmağa çalışır. Bu məhdudiyyətlər “suveren süni intellekt” konsepsiyasına marağın kəskin artmasına səbəb olub.
Mistral açıq mənbə kodlu süni intellekt modelləri hazırlayır ki, müştərilər onları özləri tənzimləyə və tam nəzarətdə saxlaya bilirlər. FT-nin yazdığına görə, bu yanaşma şirkət və ya dövlət tərəfindən modellərə çıxışın birtərəfli qaydada dayandırılması riskini aradan qaldırır.
Mistral əvvəlki maliyyələşdirmə raundunu 2025-ci ilin sentyabrında keçirib. Həmin vaxt şirkət 12 milyard avro qiymətləndirmə ilə 1,7 milyard avro cəlb edib. Vəsaitin böyük hissəsini mürəkkəb mikrosxem istehsalı avadanlıqlarının hazırlanmasında Mistral modellərindən istifadə edən Niderlandın ASML şirkəti yatırıb.
Bundan əlavə, Mistral 2026-cı ilin martında Avropa üzrə Nvidia çipləri əsasında məlumat emalı mərkəzlərinin tikintisini dəstəkləmək üçün 830 milyon dollar məbləğində borc maliyyələşməsi cəlb edib.
Mistral AI 2023-cü ildə DeepMind-in sabiq tədqiqatçısı Artur Menş, eləcə də Meta-nın keçmiş əməkdaşları Timoti Lakrua və Giyom Lampl tərəfindən təsis edilib. Şirkət hazırda Avropanın ən yüksək dəyərə malik süni intellekt startapı hesab olunur.






