Cənubi Koreyanın iki çip istehsalçısı – “Samsung Electronics” və “SK Hynix”in səhmləri süni intellekt və yarımkeçiricilər sahəsində irimiqyaslı layihələrin elanından sonra ucuzlaşıb. Bu barədə ticarət məlumatlarına istinadən CNBC yazır.
“Bloomberg” qeyd edir ki, süni intellekt sahəsindən yaddaş çiplərinə yüksək tələbat hər iki şirkətin səhmlərinin artımını sürətləndirsə də, rəqabətin güclənməsi və digər istehsalçıların tədarük həcmlərini artırması fonunda gəlirliliyin qorunub-qorunmayacağı sual altındadır.
Seuldakı ticarətin sonunda “Samsung”un səhmləri 4,8% ucuzlaşaraq 323 min vona ($209) enib. Gün ərzində eniş maksimum 6,8%-ə çatmışdı. “SK Hynix”in səhmləri isə gün ərzində 5,8% dəyər itirsə də, ticarətin bağlanışına doğru geriləmə 1,7%-ə qədər azalıb və səhmlərin qiyməti 2,628 milyon von ($1 704) təşkil edib.
Cənubi Koreya prezidenti Li Çje Men ölkəsinin yarımkeçirici sənayesində liderliyini gücləndirmək və iri investisiyalar, eləcə də yeni istehsal güclərinin yaradılması hesabına Sİ infrastrukturunu genişləndirmək planlarını açıqlayıb. O vurğulayıb ki, Cənubi Koreya süni intellekt dövrünün əsasını təşkil edən texnologiyaları təmin etmək üçün rəqiblərindən daha sürətli hərəkət etməlidir.
Ölkə hökuməti bildirib ki, “Samsung Electronics” və “SK Hynix” hər biri 800 trilyon von ($518 milyard) dəyərində milli layihə çərçivəsində iki yeni zavod tikəcək.
İyunun 26-da “Maeil Business Newspaper” “Samsung”un yaxın onillik üçün 1 kvadrilyon vondan ($646 milyard) çox investisiya proqramı elan etməyi planlaşdırdığını yazmışdı. Məlumata görə, proqrama çip istehsalı zavodları, məlumat emalı mərkəzləri, qablaşdırma texnologiyaları, akkumulyatorlar və displeylərin hazırlanması daxil olacaq.
CNBC-nin qeyd etdiyi kimi, “Samsung Electronics” və “SK Hynix” süni intellekt bumunun əsas oyunçularıdır. Yüksək ötürmə qabiliyyətli yaddaşa (HBM) tələbat təklifi üstələyir, çünki bu çiplər bulud xidmətləri təminatçıları və texnologiya şirkətləri tərəfindən fəal şəkildə inkişaf etdirilən Sİ infrastrukturunun işləməsi üçün vacibdir.
“SK Hynix” dünyada HBM çiplərinin ən böyük istehsalçısı və onların NVIDIA üçün əsas təchizatçısıdır. Şirkət bundan əvvəl iyun ayında ABŞ-də qiymətli kağızlarını yerləşdirmək və $29 milyarddan çox vəsait cəlb etmək niyyətində olduğunu açıqlamışdı.







