İyulun 10-da Parisdə keçirilən “Galaxy Unpacked” təqdimatında Cənubi Koreyanın “Samsung” şirkəti yeni nəsil qatlanan Galaxy Z Fold 6 və Galaxy Z Flip 6 smartfonlarını, həmçinin Galaxy Buds 3 və Galaxy Buds 3 Pro qulaqlıqlarını təqdim edib.
Qeyd olunur ki, cihazlar süni intellekt texnologiyasını dəstəkləyir. “Live Translate” funksiyasından istifadə edən süni intellekt cihaza nitqi real vaxt rejimində tərcümə etməyə imkan verir. Həmçinin, “Transcript Assist” funksiyasından istifadə edərək səs yazılarını mətnə çevirmək mümkündür.
Hər iki smartfon Qualcomm Snapdragon 8 gen 3 prosessoru ilə təchiz olunub, hansı ki süni intellekt tərəfindən optimallaşdırılıb. Smartfonlar cihazı qatlama üçün gücləndirilmiş qapağa malikdir, alüminium korpus və Gorilla Glass Victus 2 ilə qorunur.
ABŞ-də hər iki smartfonun qiyməti əvvəlki nəsillə müqayisədə 100 dollar artacaq: Z Fold 6 modelinin qiyməti 1899 dollardan, Z Flip 6 modelinin qiyməti isə 1099 dollardan başlayacaq.
Smartfonlardan başqa “Samsung” yeni qulaqlıqlar və “ağıllı” saat modellərini təqdim edib. “Ağıllı” saatların üç versiyası mövcuddur: standart klassik versiya, təkmilləşdirilmiş Pro və tamamilə yeni olan Ultra.
“Samsung” həmçinin yeni nəsil simsiz qulaqlıqların iki versiyasını təqdim edib – Galaxy Buds 3 və Galaxy Buds 3 Pro. Hər iki versiya polad və ağ rənglərdə mövcuddur. Pro modelində istifadə zamanı daxili işıqlandırma var.