“Samsung” şirkəti YouTube kanalında keçirdiyi “Galaxy Unpacked 2021” təqdimatında S21, S21+ və S21 Ultra smartfonlarını təqdim edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
S21 modeli 48 ilə 120 Hz yeniləmə sürətinə malik olan 6.2 düymlük AMOLED displeyi, 5G texnologiyası, ekrana quraşdırılmış əl izi sensoru və 4000 mAs gücündə akkumulyator ilə təchiz edilib.
S21 modelindən fərqli olaraq, S21+ smartfonunda ekran 6.7 düym, akkumulyatorun gücü isə 4800 mAs təşkil edir.
Qeyd edək ki, S21 və S21+ smartfonları üç kamera ilə təchiz edilib: F1.8 diafraqmalı enlibucaqlı – 12MP, F2.2 diafraqmalı ultraenlibucaqlı – 12MP və üç qat optik yaxınlaşdırma funksiyalı – 64 MP. Qabaq kamera 10 MP matrisa və F2.2 diafraqma ilə təchiz edilib.
Bundan əlavə, hər iki smartfon saniyədə 60 kadr tezliyi ilə 8K videoçəkiliş funksiyasına malikdir. S21 Ultra modeli 6.8 düymlük ekran, dörd kamera (F 1.8 diafraqmalı enlibucaqlı – 108 MP, F2.2 diafraqmalı iki dənə ultraenlibucaqlı – 12 MP, on qat və üç qat optik yaxınlaşdırma funksiyalı – 10 MP və 10 MP. Qabaq kamerada 40 MP matrisadan istifadə olunur, eyni zamanda smartfon stilus və Wi-Fi 6E texnologiyasını dəstəkləyir.
Ultra modeli gümüşü və qara, S21+ bənövşəyi, qara və boz, S21 isə bənövşəyi, çəhrayı, boz və ağ rəngdə mövcud olacaq.
Qiymətlər təxminən aşağıdakı kimi olacaq:
1. Galaxy S21 – 1 850 AZN (256 Gb) və 1 730 AZN (128 Gb);
2. Galaxy S21+ – 2 190 AZN (256 Gb) və 2 070 AZN (128 Gb);
3. Galaxy S21 Ultra – 2 950 AZN (512 Gb), 2 650 AZN (256 Gb) və 2 530 AZN (128 Gb).
Şirkət yeni smartfon modellərinin fevralın 5-də satışa çıxacağını açıqlayıb. Galaxy S21 və ya S21+ smartfonlarını əvvəlcədən sifariş edənlər Galaxy Buds Live və qara Smart Tag hədiyyə olaraq qazanacaqlar. Galaxy S21 Ultra sifariş etdikdə – Galaxy Buds Pro və Smart Tag.












