Cənubi Koreyada “Samsung”un on minlərlə əməkdaşı maaş səviyyəsindən narazı qalaraq etiraz aksiyalarına çıxıb və tətil planlaşdırır. Bu barədə “Reuters” yazır. Etirazçılar Seulun cənubunda yerləşən böyük “Samsung” zavod kompleksinin yaxınlığında toplaşıblar. Həmkarlar ittifaqları və polis 40 min etirazçının iştirak etdiyini bildirib. Agentlik qeyd edir ki, bu, “Samsung” üçün ən böyük aksiyadır.
“Əgər tələblər yerinə yetirilməzsə, onlar 21 maydan başlayaraq 18 günlük tətil elan etməyi planlaşdırırlar. Bu isə müştərilərə tədarüklərin gecikməsinə, çip qiymətlərinin daha da artmasına və rəqiblərin üstünlük qazanmasına səbəb ola bilər”, – materialda deyilir.
“Samsung” tarixində ilk tətil 2024-cü ildə baş verib. Həmin vaxt da əməkdaşlar maaşların artırılmasını, məzuniyyətlərin uzadılmasını və bonus sisteminin yaxşılaşdırılmasını tələb edirdilər.
2025-ci ilin fevralında “Samsung” həmkarlar ittifaqlarının tələbləri ilə razılaşaraq əməkhaqlarını 5,1% artırmışdı. O zaman bildirilmişdi ki, hər bir əməkdaş 30 şirkət səhmi və əlavə bonus əldə edəcək, bu vəsaiti isə şirkətin onlayn mağazasında məhsullar almaq üçün istifadə edə biləcək.






