“Samsung”un həmkarlar ittifaqı mayın 21-də 18 günlük tətil keçirəcək

“Samsung Electronics”in həmkarlar ittifaqı mayın 21-dən etibarən 18 günlük tətil keçirməyi planlaşdırır. “Reuters” agentliyinin məlumatına görə, 48 min əməkdaş işə çıxmayacaq. Həmkarlar ittifaqının əsas tələbləri rəhbərliyə ödənilən bonuslarla bağlı tam məlumatın açıqlanması, eləcə də adi əməkdaşlar üçün bonus məhdudiyyətlərinin aradan qaldırılmasıdır.

Həmkarlar ittifaqının rəhbəri Choi Seung Ho şirkət zavodlarının fəaliyyətinin dayanması ilə bağlı ictimaiyyətdən üzr istəyib. Tətil etməyi planlaşdıran 48 min əməkdaşın əksəriyyəti konqlomeratın mikrosxem istehsalı bölmələrində çalışır. O bildirib ki, “Samsung” rəhbərliyi ilə razılıq əldə etmək cəhdləri tətil dövründə də davam edəcək.

Ekspertlər qeyd edirlər ki, “Samsung”dakı vəziyyət “ümumilikdə Cənubi Koreya iqtisadiyyatının sağlamlığı üçün təhlükə yaradır və qlobal yarımkeçirici tədarükünü azaldır”. “Samsung” Cənubi Koreya ixracının təxminən dörddəbirini təmin edir və dünyada yaddaş mikrosxemlərinin ən böyük istehsalçısı hesab olunur. İstehsaldakı fasilələr süni intellektin inkişafı fonunda yaranan çatışmazlıq şəraitində qiymət artımını daha da sürətləndirə bilər.

Son xəbərlər
Digər xəbərlər