Koreya Respublikasının texnologiya nəhəngi “Samsung Electronics” şirkətinin sədri Li Ce-yonq anasından şirkətin 1,9 trilyon von (1,42 milyard ABŞ dolları) dəyərində səhmlərini alacaq.
Oktyabrın 12-də baş tutacaq birjadankənar əməliyyatda Li Ce-yonq anası Honq Ra-hidən şirkətin ümumi səhmlərinin 0,11 faizini təşkil edən 7,1 milyondan çox səhm alacaq. Satınalma ilə Linin şirkətdəki ümumi payı 1,58 faizə yüksələcək.
Mənbələr hesab edir ki, Honq Ra-hi satışdan əldə edilən gəliri əri, şirkətin keçmiş sədri Li Kun-hinin 2020-ci ildə vəfatından sonra miras vergilərini ödəmək üçün götürülmüş kreditləri bağlamağa istifadə edəcək.
Qeyd edək ki, “Samsung”un təsisçisi Li Byunq-çulun oğlu Li Kun-hi 1987-ci ildən şirkətə rəhbərlik edib və vəfatından əvvəl ölkəsinin ən zəngin insanı olub. Onun ölümü ölkə tarixinin ən böyük miras vergisi ödənişinə (10,78 milyard dollar) səbəb olub. Belə ki, Cənubi Koreya qanunlarına görə mirasın təxminən yarısı vergi olaraq ödənməlidir. Mərhum Li Kun-hinin yeganə oğlu, şirkətin hazırkı sədri Li Ce-yonq isə 2022-ci ildən “Samsung”u idarə edir.







