“Samsung”un ikinci rüb üzrə əməliyyat mənfəəti ötən illə müqayisədə 1458% artaraq 10.44 trilyon von (7.55 milyard dollar) təşkil edib. Cənubi Koreya korporasiyasının ümumi gəliri ötən illə müqayisədə 23.4% artaraq 74.07 trilyon vona (53.5 milyard dollar) çatıb. Şirkətin xalis mənfəəti 1.72 trilyon vondan 9.84 trilyon vona (6.96 milyard dollar) yüksəlib.
“Samsung”un press-relizində qeyd edildiyi kimi, əməliyyat mənfəətinin 15.5 dəfə artması yaddaş çiplərinə yüksək tələbat, o cümlədən süni intellektin (AI) inkişafına müştəri investisiyalarının artması hesabına mümkün olub.
Koreya Fond Birjasında “Samsung”un kotirovkaları uğurlu hesabatlar fonunda 3.5% artıb.