10 C
Baku
Wednesday, December 17, 2025

“Samsung”un üçqat qatlanan smartfonunun ilk partiyası iki dəqiqəyə satılıb — “Yonhup”

“Samsung Galaxy Z TriFold” adlı üçqat qatlanan smartfonun ilk partiyası Cənubi Koreyada istehsalçının onlayn mağazasında cəmi iki dəqiqə ərzində satılıb. Məhsulun yenidən satışa çıxarılmasının yalnız yanvar ayında gözlənildiyi bildirilir. Bu barədə”Yonhap” agentliyi işgüzar dairələrin nümayəndələrinə istinadən xəbər verib.

Dekabrın 17-də yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 05:00) şirkət öz saytında telefonun alınması üçün sifarişlərin qəbuluna başlayıb, lakin artıq iki dəqiqə sonra bu imkan əlçatmaz olub. Şirkət cihaz yenidən satışda olduqda potensial alıcıları məlumatlandırmağa hazır olduğunu bildirib. “Yonhap” qeyd edir ki, bu, yalnız yanvar ayında baş verə bilər.

Çərşənbə günü cihazlar həmçinin şirkətin rəsmi oflayn mağazalarında da satışa çıxarılıb, lakin onlar yalnız satışların başladığı gün — dekabrın 12-də mağazalara gəlmiş müştərilər üçün nəzərdə tutulub. “Galaxy Z TriFold”un Cənubi Koreyada qiyməti 3,59 milyon von (təxminən 2 430 ABŞ dolları) təşkil edir. Daha sonra cihazın ABŞ, Çin və BƏƏ bazarlarında satışa çıxarılması planlaşdırılır.

Daha əvvəl sənaye nümayəndəsi bildirib ki, bu modelin yüksək maya dəyəri və aşağı marjinallığı hazırda kütləvi istehsal perspektivlərini çətinləşdirir. Bəzi məlumatlara görə, ilkin mərhələdə Cənubi Koreya bazarına cəmi təxminən 3 min ədəd “Galaxy Z TriFold” tədarük edilib, dünya bazarlarına isə 20–30 min ədədin çıxarılması planlaşdırılır.

“Galaxy Z TriFold” “Samsung”un üçqat qatlanan ilk smartfonudur. Bu konstruksiyaya malik dünyada ilk smartfonu Çin şirkəti “Huawei” təqdim edib — “Huawei Mate XT” modeli 2024-cü ilin sentyabrında satışa çıxarılıb, lakin daha baha qiymətə təklif olunub. Məlumatlara görə, 2025-ci ilin aprel ayına qədər 400 mindən çox “Huawei Mate XT” satılıb. 2025-ci ilin sentyabrında isə Çin şirkəti cihazın yeni versiyasını 2 520 dollar qiymətlə təqdim edib.

Son xəbərlər
Digər xəbərlər