8 C
Baku
Saturday, December 3, 2022

Sanksiyalar Rusiya iqtisadiyyatı üçün nə qədər dağıdıcı ola bilər?- TƏHLİL

Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkəyə qarşı iqtisadi sanksiyaların sayı artmaqda davam edir. Rusiya iqtisadiyyatı xarici faktorlardan nə dərəcədə asılıdır? Sanksiyalar bu ölkəyə necə təsir edə bilər?

Statistik göstəriciləri və ekspert rəylərini nəzərdən keçirdik.

2019-cu ilin məlumatlarına görə, Rusiyanın ixracında ilk yerləri neft, təbii qaz və onlardan alınan məhsullar tutur.

407 milyard dollarlıq ixrac həcminin 59 faizindən çoxunu neft məhsulları təşkil edir, digər əsas kateqoriyalar arasında minerallar və qiymətli metallar da var.

2019-cu ildə Rusiyanın ixracının 38 faizi Avropa ölkələrinin payına düşüb.

Hələ ki Rusiyanın enerji ixracatına sanksiyalar tətbiq edilməyib və müharibə başladıqdan sonra artan neft qiymətləri bu ölkənin gəlirlərinin artmasına səbəb olub.

Ancaq belə vəziyyət uzun sürməyə bilər.

Rusiya qazı və neftinin ən böyük müştərilərindən olan Avropa Birliyinin enerji təhlükəsizliyinə görə fərqli mənbələrə üz tutması yaxın illərdə onun ixrac bazarını daralda bilər.

Beynəlxalq Enerji Agentliyinin (BEA) martın 3-də açıqladığı hesabata görə, Avropa İttifaqı bir il ərzində atacağı 10 addımla Rusiyadan idxal etdiyi qazın həcmini 30 faiz azalda bilər.

“Artıq heç kim xəyal qurmur. Təbii qaz ehtiyatlarından Rusiyanın iqtisadi və siyasi silah kimi istifadə etməsi onu göstərir ki, gələn qış qaz tədarükündə qeyri-müəyyənliklə üzləşməmək üçün bu il Avropa sürətlə hərəkətə keçməlidir. Bu plan Rusiya qazından asılılığı azaltmaqla yanaşı, ekoloji baxımdan təmiz enerjiyə təhlükəsiz və ucuz keçidi də təmin edər”, – BEA-nın direktoru Fatih Birol belə deyir.

Bu addımlardan bəziləri və qaza qənaətlə bağlı tövsiyələr aşağıdakılardır:

• Rusiyayla yeni qaz alışı müqaviləsinin imzalanmaması;

• Təbii qazın mümkün qədər başqa ölkələrdən alınması: 30 milyard kubmetr;

• Külək və günəş enerjisiylə bağlı yeni layihələrin sürətləndirilməsi: 6 milyard kubmetr;

• Mövcud nüvə və bioenerji elektrik stansiyalarının tam gücüylə işləməsi: 13 milyard kubmetr;

• İstehlakçılardan termostatlarındakı temperaturu bir dərəcə azaltmağı xahiş etmək: 10 milyard kubmetr.

Əsas idxal məhsulları – texnologiya və elektron avadanlıqlar

İdxalda ilk növbədə məhdudlaşdırılacaq məhsullarsa Rusiyaya qarşı sanksiyaların təsirini qısa müddətdə daha çox hiss etdirə biləcək kateqoriyalara aiddir.

Rusiyanın illik həcmi 238 milyard dollar təşkil edən idxalında birinci yeri texnologiya məhsulları tutur. Kompüterlər, ofis avadanlıqları, sənaye istehsalı üçün lazım olan maşınlar, rabitə vasitələri və digər elektron avadanlıqlar Rusiya iqtisadiyyatının xaricdən təmin edilən əsas ehtiyaclarıdır.

Bir çox şirkət bu kateqoriyalar üzrə Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. “Intel”, AMD, “Nvidia” və “Apple” kimi çip və kompüter istehsalçıları Rusiyaya məhsul göndərməyi dayandırıblar.

Bunun Rusiya iqtisadiyyatına uzunmüddətli təsir göstərəcəyi gözlənilir. Müasir çipləri istehsal edən və ABŞ-ın Asiyadakı ən böyük müttəfiqlərindən olan Tayvan, Cənubi Koreya və Yaponiya bu sahədə Rusiyanı boykot etmək qərarına gəlmiş ölkələr sırasındadırlar.

chip

Çip çatışmazlığı

“Rusiya iqtisadiyyatının strateji sektorlarına lazım olan texnologiyanın idxalını məhdudlaşdırmaqla bu ölkənin sənaye imkanlarını məhdudlaşdıracağıq” – ABŞ Prezidenti Jo Biden sanksiyalarla bağlı qərarı açıqlayarkən belə deyib.

Çiplərdən bir çox başqa məhsulların da istehsalında istifadə edildiyi üçün bu, digər sektorlara da təsir edəcək.

Bidenin sözlərinə görə, Rusiyanın hərbi, aerokosmik və aviasiya sektorları da çip çatışmazlığından təsirlənəcək sahələr arasındadır.

Rusiyaya texnologiya idxalının dayandırılmasının nəticələri haqqında “Foreign Policy” jurnalı üçün məqalə yazan Tufts Universitetinin Qlobal İqtisadiyyat fakültəsinin dekanı Bhaskar Chakravorti deyir ki, Rusiya öz iqtisadiyyatını sürətlə rəqəmsallaşdıran ölkələrdən biridir və bu vəziyyət ölkəyə ciddi dərəcədə təsir edəcək.

Chakravorti əlavə edir ki, Rusiya müasir çiplər istehsal etmək imkanına malik deyil, ona görə də dövlət ölkədəki çipləri istehlakçılara yönləndirmək əvəzinə, hərbi texnologiyalarda istifadə etməyə çalışa bilər.

Təyyarələrin icarəsi və ehtiyat hissələri məsələsində qeyri-müəyyənlik

Avtomobillər, yük maşınları, təyyarələr və onların hissələrindən ibarət nəqliyyat kateqoriyası Rusiyanın ikinci ən böyük idxal xəttidir.

Aviasiya sənayesinin ən böyük aktorları “Boeing” və “Airbus”, avtomobil sənayesində isə “Volkswagen” qrupunun da daxil olduğu bir çox böyük şirkət Rusiyaya ixracı dayandırdılar.

“Fortune” jurnalının yazdığına görə, Rusiya aviaşirkətlərindəki təyyarələr arasında Qərb şirkətlərindən icarəyə götürülmüş olanlar da var. Onların başqa ölkələrdə ələ keçirilə biləcəyini əsas gətirən Rusiya Federal Aviasiya Agentliyi belə təyyarələri olan şirkətlərə başqa ölkələrə uçuşları dayandırmağı tövsiyə edib.

“Boeing” və “Airbus”-dan ehtiyat hissələri və xidmətlər ala bilməmək də Rusiya şirkətlərinə təsir edəcək.

Screen Shot 2022 03 17 at 09.16.47

Rusiyanın “Aeroflot” şirkətinin donanması, demək olar ki, tamamilə bu iki şirkətin təyyarələrindən ibarətdir.

“Guardian” nəşrinin məlumatına görə, 2021-ci ildə qlobal uçuşların 6 faizini Rusiya şirkətləri həyata keçirib.

Aviasiya təhlili şirkəti IBA-nın əməkdaşı Peter Walter “Reuters”-ə açıqlamasında bildirib ki, Rusiya icarəyə götürülmüş təyyarələrin hissələrindən digərlərinin ehtiyacları üçün istifadə edə bilər.

“Atmosphere Research Group” şirkətinin “Business Insider” jurnalına danışan rəhbəri Henry Harteveldtin sözlərinə görə, Rusiyanın icarəyə götürdüyü təyyarələrin dəyəri 12 milyard dollar civarındadır və bu təyyarələrin sahibləri onları geri ala bilməyəcək.

Rusiya Nəqliyyat Nazirliyi də bildirib ki, lazım gələrsə, ölkədəki yüzlərlə “Airbus” və “Boeing” müsadirə oluna bilər.

Avtomobil sektorunda Çinin rolu

Avtomobil sektorunda vəziyyət fərqlidir.

Rusiyanın öz avtomobil şirkətləri var. Ancaq çip boykotu bu şirkətlərə də təsir edə bilər.

Rusiyaya ən çox Qərb istehsalı olan maşınlar satılsa da, “Autocar” jurnalı iki Çin şirkətinin keçən il birinci dəfə ilk onluğa girə bildiyini və böyük sürətlə böyüyən Çin şirkətlərinin Rusiya bazarında paylarını artıra biləcəyini qeyd edir.

Avtomobil sənayesinə aid xəbərlər dərc edən “CarNewsChina.com” saytının məlumatına görə, Rusiya bankları SWIFT sistemindən kənarda qalsa da, həm Çinin, həm də Rusiyanın öz ödəniş sistemlərini qurması bu iki ölkəyə yerli valyutalarla alver etmək imkanı yaradır.

Bəzi Rusiya banklarının SWIFT sistemindən çıxarılması, o cümlədən, “MasterCard” və “Visa” ödəniş şirkətlərinin Rusiyaya qarşı sanksiya tətbiq etməsi dolayı yolla qida, tibb və turizm sektorlarına da təsir edəcək.

Birbaşa investisiyalar

Rusiya iqtisadiyyatına təsir edəcək digər məsələ birbaşa xarici investisiyaların azalmasıdır.

Rusiya Mərkəzi Bankının saytındakı məlumata görə, bu ölkə son 15 ildə 554 milyard dollar investisiya cəlb edib.

Rusiyanın Qərblə münasibətindən asılı olaraq illər ərzində investisiyaların həcmi dəyişib. Məsələn, 2014-cü ildə Rusiya Krımı ilhaq etdiyi üçün 2015-ci il bu ölkənin ən az investisiya cəlb etdiyi illərdən biri olub.

Bu ilə aid məbləğin 50 milyardı Britaniyadan, 60 milyardı Hollandiyadan, 24 milyardı Almaniyadan, 20 milyardı isə Fransadan daxil olub.

Bu gün bu ölkələr Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi siyasətinə liderlik edirlər.

Son 11 ildə xaricilərin Rusiyaya ən çox sərmayə qoyduğu (93 milyard dollar) sektorlar mədənçıxarma və neft hasilatı olub.

Brüsseldə yerləşən analitik mərkəzin tədqiqatçıları Niclas Poitiers və Marta Dominguez-Jimenez-in fikrincə, iqtisadiyyatının təbii qaz və neftdən asılılığını azaltmaq istəyən Rusiya üçün birbaşa xarici investisiyalar böyük əhəmiyyət kəsb edir.

ABŞ-ın “Atlantic Council” analitik mərkəzinin məlumatına görə, Krımın 2014-cü ildəki ilhaqından sonra tətbiq edilən sanksiyalar Rusiyanın iqtisadi artımını hər il 2,5-3 faiz azaldıb.

Ona görə də 2014-cü ildən sonra qlobal iqtisadiyyat ildə orta hesabla 2,3 faiz böyüdüyü halda, Rusiya iqtisadiyyatı 0,3 faiz inkişaf edə bilib.

Ukraynaya hücumdan sonra tətbiq edilən yeni və əhatəli sanksiyaların Rusiya iqtisadiyyatını daha da kiçildəcəyi gözlənir.

MənbəBBC
Son xəbərlər
Digər xəbərlər
X