Müstəqil Dövlət Birliyi (MDB) dövlət başçılarının qeyri-formal sammiti dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək.
Bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Yermek Koşerbayev bildirib.
“2021-ci il dekabrın 28-də Sankt-Peterburqda MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-formal sammiti keçiriləcək”, – səfir qeyd edib.
İlkin məlumata görə, qeyri-formal sammitə Rusiya Prezidenti Vladimir Putin sədrlik edəcək.
MDB dövlət başçılarının Yeni il ərəfəsində Sankt-Peterburqda qeyri-formal sammiti pandemiyaya qədər mütəmadi keçirilib.
Qeyd edək ki, MDB 1991-ci ildə yaradılıb. Birliyə 9 ölkə – Rusiya, Azərbaycan, Qazaxıstan, Belarus, Ermənistan, Qırğız Respublikası, Moldova, Tacikistan və Özbəkistan daxildir.