“Satınalmalarla bağlı qaldırılan bəzi məsələlər hökuməti də qane etmir”.
Bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin geniş tərkibdə onlayn iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.
Nazir bu sahənin təkmilləşdirilməsi istiqamətində işlər aparıldığını qeyd edib. Subsidiyalardan, xüsusən aqrar sahənin subsidiyalaşmasından və hökumətin bu sahədən gözləntilərindən danışan S. Şərifov subsidiya həcmlərinin artmasının gətirə biləcəyi risklərin hökumətin də gündəliyində olduğunu bildirib. Ümumi gəlirlərin 88,8%-nin Bakı şəhərinin, 11,2%-nin digər regionların payına düşdüyünü qeyd edən Samir Şərifov regionların gəlirlərinin müəyyən hissəsinin rayonlarda saxlandığını bildirib. Avtomobil parkını yenilənməsində hökumətin elektromobillərə və hibrid avtomobillərə üstünlük verdiyi bildirilib və bu istiqamətdə nəzərdə tutulan stimullaşdırıcı tədbirlər barədə məlumat verilib.
Nazir büdcə vəsaitlərinin idarə olunması ilə bağlı da deputatlara məlumat verib.
Qaldırılan bir çox məsələlər üzərində hökumət tərəfindən iş aparıldığını vurğulayan maliyyə naziri bildirib ki, deputatların təmsil etdikləri rayonlarla və seçicilərlə bağlı gündəmə gətirdikləri problemlər əsasən növbəti büdcə planlaşdırılmasında öz həllini tapa biləcək məsələlərdir.