Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Çinə investisiya qoyacaq.
Banker.az Azertag-a istinadla xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Abdulaziz el-Judaimi deyib.
O bildirib ki, “Aramco” Çinin şərqindəki neft emalı və neft-kimya layihəsinə sərmayə yatıracaq. Şirkət neft emalı və neft-kimya layihəsində pay sahibi olmağı planlaşdırır: “Zhejiang əyalətindəki neft emalı və neft-kimya layihəsinə sərmayə yatırmaq üçün müqavilə imzalayacağıq”.
Ötən ay “Saudi Aramco” layihənin operatoru olan “Zhejiang Rongsheng” şirkəti ilə xam neft tədarükünə dair uzunmüddətli müqavilə imzalayıb. “Rongsheng Holding Group”un 51 faizlik səhmdarı olduğu “Zhejiang Petrochemical” şirkəti 2018-ci ilin sonlarında Çinin şərqində 400 min barrel gücə malik neft emalı və neft-kimya layihəsini reallaşdırmağı planlaşdırır.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud “Saudi Aramco”nun səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) ən gec 2021-ci ildə həyata keçiriləcəyini deyib. O, avqustda təxirə salınan “Aramco”nun IPO-sunun ən gec 2021-ci ildə reallaşacağını bildirib: “Bu, indiyə kimi dünyada ən böyük səhmlərin ilkin kütləvi yerləşdirilməsi olacaq”.
Daha əvvəllər isə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih “Aramco”nun IPO-sundan imtina olunduğu iddialarını təkzib etmişdi.
“Aramco”nun səhmlərinin satışının bu ilin ikinci yarısında olması planlaşdırılırdı. “Aramco”nun IPO-sunun ilk olaraq Səudiyyə Ərəbistanı “Tedavul” birjasında, sonra isə Nyu-York, London, Honq-Konq və ya Tokio birjalarında əməliyyata başlaması gözlənilir. “Aramco”nun səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. Şirkətin bazar dəyərinin təxminən 2 trilyon dollar olması gözlənilir. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple”i geridə qoyması nəzərdə tutulur.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.