Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” 23 “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) ölkəsinin mayın 1-dən hasilatı birgə azaltmaq barədə razılaşmasını yerinə yetirmək üçün vaxtından əvvəl “qara qızıl”ın hasilatını endirməyə başlayıb.
Bu barədə “Bloomberg” Səudiyyə Ərəbistanının neft sənayesindəki mənbəyə istinadən xəbər verir.
Beləliklə, “Saudi Aramco” hasilatı gündə təqribən 12 mln. bareldən öhdəlikləri ilə nəzərdə tutulmuş 8,5 mln. barelədək azaldır və bu hədəf səviyyəsinə mayın 1-dən bir qədər əvvəl çata bilər. Küveyt, Əlcəzair, Nigeriya, “OPEC+” sazişini erkən həyata keçirmək niyyətindən də danışıb ki, bu da bazarda tələb və tələb arasındakı mövcud balanssızlığı azaltmalıdır.
Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.
“Əməkdaşlıq Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da “OPEC+” üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
©APA