Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” aktivlərin satışı üzrə əqdlər vasitəsilə milyardlarla dollar cəlb etməyi planlaşdırır. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat verib.
Mənbələrin sözlərinə görə, “Aramco” neftin ixracı və saxlanması üçün istifadə olunan terminallarındakı payın satılmasını nəzərdən keçirir. Şirkət həmçinin öz daşınmaz əmlak portfelinin bir hissəsinin satış imkanlarını da araşdırır. Mənbələrdən biri vurğulayıb ki, “Aramco” yüksək gəlirli aktiv sayılır və satışlar artıq 2026-cı ilin əvvəllərində başlaya bilər.
Hazırda danışıqlar ilkin mərhələdədir və yekun qərar hələ qəbul olunmayıb.
11 noyabrda “Financial Times” yazmışdı ki, “Saudi Aramco” elektrik enerjisinə artan tələbatı ödəmək üçün diqqətini təbii qaz sektoruna yönəldib. Nəşrin məlumatına görə, şirkət süni intellekt məlumat emalı mərkəzləri (DC-lər), yeni sənaye zonaları və sürətlə böyüyən şəhərlər üçün tələb olunan enerji bazasını yaratmağa çalışır. “Aramco” bildirib ki, 2019-cu il IPO-dan bəri şirkət qaz layihələrinə təxminən 100 milyard dollar investisiya yatırıb.
“Saudi Aramco” — Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkətidir. Ölkə OPEC üzvüdür. Noyabr ayında OPEC+ ölkələrinin səkkizi dekabr üçün neft hasilatının yuxarı həddini noyabr səviyyəsinə nisbətən gündə 137 000 barrel artırmaq barədə razılığa gəlib. Səudiyyə Ərəbistanı hasilatı 41 000 barrel artıraraq 10,103 milyon barrel/gün səviyyəsinə çatdıracaq.







