Ukrayna ətrafındakı vəziyyət qlobal enerji böhranının əsas səbəbi deyil, regionda sabitləşmə enerji təhlükəsizliyinin təmin edilməsi problemlərinə son qoymayacaq.
Bunu dünyanın ən böyük neft şirkətlərindən biri olan “Saudi Aramco”nun rəhbəri Amin Nasser deyib.
“Ukraynadakı münaqişə, əlbəttə ki, enerji böhranının təsirini artırdı, lakin bu, onun əsas səbəbi deyil. Təəssüf ki, münaqişə bu gün dayandırılsa belə, böhran bitməyəcək”, – Amin Nasser qeyd edib.
Onun sözlərinə görə, böhranın əsl səbəbləri – neft-qaz sənayesinə kifayət qədər investisiya qoyulmaması, bu resurslara alternativlərin kifayət qədər hazır olmaması, enerji keçidinin qeyri-real ssenarilərlə gücləndirilməsi və fövqəladə hallar planının olmamasıdır.
Amin Nasser vurğulayıb ki, neft və qaza investisiyalar 2014-cü ildən 2021-ci ilə qədər 50%-dən çox azalaraq 700 mlrd. dollardan 300 mlrd. dollara qədər azalıb. İnvestisiyaların builki artımı isə çox kiçik və gecikmişdir.
“Saudi Aramco”nun rəhbəri onu da vurğulayıb ki, enerjiyə görə hesabların dondurulması və ya məhdudlaşdırılması, şirkətlərin vergi yükünün artırılması uzunmüddətli perspektivdə bu problemlərin həllinə kömək etməyəcək.
“Bundan əlavə, dünya ictimaiyyətini ağır qış gözləyir, lakin Avropada bu mövsüm xüsusilə ağır keçəcək”, – Amin Nasser əlavə edib.