Səudiyyə Ərəbistanının hökuməti “Saudi Aramco” dövlət neft şirkətini 2 trln. ABŞ dolları məbləğində qiymətləndirsə də, ABŞ-ın məşhur “Wood Mackenzie” konsaltinq şirkəti onu 400 mln. dollara qədər endirib.”Bloomberg” agentliyinə istinadən xəbərə görə, bu günə qədər “Saudi Aramco” heç bir maliyyə hesabatı açıqlamadığından səhmlərinin planlaşdırılan ilkin yerləşdirmə tarixindən əvvəl o, vergi ödənişlərinin həcmini azaldaraq mənfəət və gəlir göstəricisini artıra bilər.
Həmçinin, “Bloomberg” agentliyinin əmtəə bazarı analitik və investorları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, “Saudi Aramco”nun qiyməti 1 trln. dollara çatmır, yəni rəsmilərin bəyan etdiyindən 2 dəfədən çox ucuzdur. Nəticədə, “Saudi Aramco”nun səhmlərinin 5%-nin özəlləşdirilməsindən ən azı 25 mlrd. dollar gəlir gözlənilir.
Bununla yanaşı, qiymətləndirmədə S.Ərəbistanının neft ehtiyatlarının (cari hasilat həcminin sabit qalması durumunda) 73 ilə kifayət edəcəyi və yaxın 10 ildə rentabelli olacağı ehtimal edilir. Lakin, analitiklər qlobal istiləşmə və “Toyota” kimi dünyanın lider avtomobil şirkətinin 2050-ci ilə qədər benzin və dizeldən imtina edəcəyi kimi amilləri diqqətə almağı tövsiyə edirlər. Belə ki, Beynəlxalq Energetika Agentliyinə (İEA) görə, benzin istehlakı artıq özünün tarixi pik nöqtəsinə yaxınlaşır. Həmçinin, S.Ərəbistanının geosiyasi risklərinin mövcudluğu və dövlətə məxsus şirkətlərdə maliyyə və korrupsiya skandalları ehtimalları vurğulanır.
Dünyanın ən böyük sığorta şirkətlərindən birinin investisiya törəməsi olan Almaniyanın “Allianz Global İnvestors” şirkətinin analitikləri “biz hökumətlə sıx təmasda olan şirkətlərə investisiyaları prinsip etibarilə cəlbedici saymırıq” deyib.