10 C
Baku
Wednesday, December 11, 2024

“Şaurma”nın sahibi “12-ci imam”a 173 min manat zəkat verib

Özünü 12-ci imam kimi təqdim edərək bir qrup şəxsi aldadıb pullarını mənimsəyən Aqil Babayevin məhkəməsi davam etdirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş, “Şaurma N1” restoranlarının sahibi Natiq Sadıqov ifadə verib. O, A.Babayevi 2004-cü ildən tanıdığını deyib:

“Görürdüm ki, ona hərə bir cür xidmət edirdi. Mən də onun imamlığını qəbul etdim. Bizə deyirdi ki, Allahın məsləhət bildiyi vaxt zühur edəcək. Lifti xarab oldu, təmir etdirdim, evi yandı, təmir etdirdim. Xocahəsəndə həyət evi tikib hədiyyə elədim. Evi bəyənmədi, satıb pulunu ona verdim. Özümə 132 min manat qiyməti olan iki maşın aldım, birini ona verdim. Artıq valideynlərim məndən narazılıq edirdilər. Aqil bizə qanun qoymuşdu ki, zəkat vermək lazımdır. Hər ay minimum 2 min manat zəkat verməli idik. 2007-ci ildən zəkat verməyə başladım. Daha sonra mənə dedi ki, ev tikək, kasıblara paylayaq. Sonra onun hicablı qadınlarla əxlaqsız hərəkətlərini eşitdik, çox sarsıntı keçirdim. Soruşanda dedi ki, “hicablı xanımlarla hisslərimi soyuduram”. Onun əsl kimliyini başa düşəndən sonra pulumu geri istədim. Dedi ki, qəpiyinə kimi qaytaracam. 173 min manat zəkat vermişəm, əlavə olaraq da Aqil mənə 370 min manat maddi ziyan vurub”.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, İttiham aktına əsasən, A.Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün İmam Mehdi olmasına inandırıb. Yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. A.Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanılır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara zorakılıq edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

O, zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib. “Hyundai Santafe” markalı avtomobil də daxil olmaqla ona 585 min manat ziyan vurub. Digər zərərçəkmiş Natiq Sadıqov isə axirət dünyasında savab qazanmaq üçün A.Babayevə ümumilikdə 543 min manat pul verib. Daha bir zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün ona 134 min manat təqdim edib. A.Babayev zərərçəkmişlərə ümumilikdə 2,5 milyon manat ziyan vurub. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan olunub.

Əlavə iddialara görə, o, “Şaurma N1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş var.

 

 

Son xəbərlər
Digər xəbərlər