11 C
Baku
Saturday, November 16, 2024

“Saxo Bank”: Azərbaycandan olan investorların sayı 30 faiz artıb

Son 2 il ərzində “Trading Floor.com” sosial ticarət portalında Azərbaycandan olan investorların sayı 30 faiz artıb.

Banker.az Azertac istinadən xəbər verir ki, multi-aktivlərin ticarəti və investisiyalar üzrə ekspert sayılan “Saxo Bank” Azərbaycandan olan investorlar barədə statistik göstəriciləri dərc edib. Bankın məlumatına əsasən, Azərbaycandan olan investorların əksəriyyəti 30-40 və daha yuxarı yaş qrupuna aiddir və bank, maliyyə, neft-qaz və digər biznes obyektlərinin ölkə paytaxtında olduğundan investorların əksər hissəsi Bakıda yaşayır. Ümumilikdə, Azərbaycandan olan investorların sayı orta hesabla ildə 15 faiz artır. Bura həm fərdi, həm korporativ, həm də neft şirkətlərində çalışan xarici investorlar daxildir. Azərbaycandan olan investorların potensial maliyyə investisiya kapitalı 100 min avrodan başlayır və 500 min avro və daha yüksək məbləğədək çatır.

“Saxo Bank”ın məlumatına əsasən, Azərbaycan treyderləri zəngin biliyə malikdirlər və maliyyə bazarları haqda hərtərəfli məlumatlıdırlar. İnvestorların əksər hissəsi “MT4” ticarət platforması vasitəsilə “Forex”də geniş təcrübə keçiblər. Son 5 il ərzində “Saxo Bank” müştərilərinin böyük hissəsi bir neçə məhsul ilə ticarətə üstünlük verməyə başlayıb. Multifunksional “SaxoTraderGo” platforması bu sahədə müştərilərin tələbatını tam ödəyir.

Valyuta ticarəti sahəsində Azərbaycandan olan investorlar əsasən EUR/USD, GBP/USD, XAU/USD valyuta cütlüklərinə üstünlük verirlər. “CFD” indeksləri, xüsusən də “DAX” indeksi, azərbaycanlı investorlar arasında xeyli populyardır. Azərbaycan bazarının neftdən asılılığı və neftin qiymətlərinin son zamanlarda yüksək dəyişkənliyi ilə əlaqədar olaraq azərbaycanlı investorlar, əsasən neft şirkətləri, hedcinq məqsədi ilə neft “CFD”lər və fyuçerslərlə fəal ticarət aparır. İnvestorların 60 faizi məzənnə fərqində ticarət əməliyyatları həyata keçirərək və tez mənfəət əldə etməyə çalışaraq risk etməyə üstünlük verir. Lakin investorların qalan hissəsi ABŞ birjalarında səhm və fondlarla ticarət edir.

“Son 2 il ərzində “Trading Floor.com” sosial ticarət portalında Azərbaycandan olan investorların sayı 30 faiz artıb. Azərbaycandan olan investorlar treydinqin əsaslarını dərindən öyrənmək və virtual fondlar sahəsində təcrübələrini artırmaq üçün pulsuz demo-hesablarda qeydiyyatdan keçir”, – deyə “Saxo Bank”ın məlumatında qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər