Yaxın perspektivdə Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün prioritet ABŞ dollarından maliyyə asılılığının azaldılması olmalıdır.
“Saxo Bank”ın makrotəhlil şöbəsinin direktoru Kristofer Dembik (Christopher Dembik) Azərbaycan hökumətinin iqtisadi artım üçün atmalı olduğu addımlarla bağlı sualına cavabında belə deyib. O bildirib ki, bu problem bütün neft hasil edən ölkələrdə aktualdır, lakin indiyədək digər valyutaların beynəlxalq ehtiyat valyutası kimi təqdim edilməsinə yönəlmiş bütün islahatlar uğursuz olub.
Onun sözlərinə görə, hazırda Azərbaycanda və digər neft ixracat edən ölkələrdə pul islahatlarına hər zamankından daha çox ehtiyac var.
“Mən həmişə böyük valyutalarla yanaşı ixrac məhsulunun da (hazırda nefti) valyuta səbətində nəzərə alınmasının tərəfdarı olmuşam. Səbətin 4 əsas komponenti – ABŞ dolları, avro, Çin yuanı və neft ola bilər. Bu cür pul islahatı neft ixrac edən ölkələr üçün əlavə üstünlük yarada və dollardan iqtisadi asılılığın azaldılmasına yol aça bilər. Bu da pul-kredit siyasətinin idarəetməsini yaxşılaşdırmağa imkan verər”, – deyə K.Dembik qeyd edib.
Analitik bildirib ki, Azərbaycan neft qiymətlərinin düşməsi ilə yaranan iqtisadi böhranın öhdəsindən uğurla gəlib: “Neftdən asılı olan ölkələr üçün yeganə qərar iqtisadiyyatın diversifikasiyası yollarını axtarmaqdır. Bu sahədə ölkələrin ancaq bir hissəsi sənayenin inkişafında uğur qazanıb. Dubayda turizmin inkişafını yaxud Nigeriyada film istehsalını buna nümunə kimi göstərmək olar. Bu, uzunmüddətli prosesdir. Hesab edirəm ki, Azərbaycanda suveren sərvət fondunun yaradılması düzgün addım idi”.